ABŞ hökuməti və Amerika müdafiə müəssisələri silah tədarükündə böyük gecikmələrlə üzləşdiyi bir vaxtda, Fars körfəzi və ərəb dünyası ölkələri getdikcə daha çox Türkiyə silahlarını almaq üçün müqavilələr bağlayır və ya onların istehsalına investisiya yatırırlar.
Bizim.Media xəbər verir ki, bu barədə "Middle East Eye" (MEE) nəşri məlumat yayıb.
ABŞ və İsrailin İrana qarşı müharibəsi Körfəz ölkələrinə, xüsusən də Küveyt, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına ciddi təzyiq göstərib. Ballistik raketlərə qarşı effektiv olan etibarlı hava hücumundan müdafiə (HHM) sistemlərinə malik olmalarına baxmayaraq, bu dövlətlər döyüş sursatı çatışmazlığı və İranın uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) ciddi təhlükəsi ilə üzləşiblər. Bu dronlar regiondakı bir neçə radar sistemini məhv etməyə nail olublar.
"Rəflərdə nə varsa, hamısını süpürürlər"
Vəziyyətlə tanış olan mənbə nəşrə bildirib ki, Körfəz ölkələri Türkiyənin HHM sistemlərini almaq üçün fəallaşıblar:
"Körfəz ölkələri sanki rəflərdə nə varsa, hamısını süpürürlər. Onlar hətta regionun digər qüvvələrinin arsenalında olan sistemlərlə də maraqlanırlar. Hətta ənənəvi olaraq neytrallığını qoruyan Oman belə maraq göstərir".
Bu tendensiya keçən həftəsonu başa çatan Saha Expo silah sərgisində də aydın görünüb. Orada Körfəz ölkələri və İraq çox geniş şəkildə təmsil olunub.
Küveyt və Səudiyyə Ərəbistanı Türkiyə texnologiyalarını seçir
Küveyt: Müdafiə naziri şeyx Abdulla Əli Abdulla əs-Sabah "Aselsan", "Havelsan", "Baykar", "Otokar" və "Yonca" tərsanəsi daxil olmaqla, Türkiyənin aparıcı şirkətlərindən hərbi sistemlərin alınmasına dair hökumətlərarası protokol imzalayıb. Küveyt xüsusilə "Akinci" ağır PUA-ları və "Hisar" HHM sistemləri ilə maraqlanır.
Səudiyyə Ərəbistanı və Qətər: Hər iki ölkə dronlara qarşı mübarizə üçün "Aselsan" istehsalı olan "Korkut 100/25" komplekslərinin alınması üçün müqavilə imzalayıb. Bu sistem FPV dronlara qarşı 25 mm-lik "ağıllı" sursatlardan istifadə edir. Riyad həmçinin kiçik yük maşınlarına quraşdırıla bilən yeni lazer HHM sistemlərini almaq niyyətindədir.
İraq və Ankaranın "ən yaxşı təklifi"
İraq da Türkiyədən 20 ədəd HHM sisteminin (ehtimal ki, "Korkut") alınmasını yekunlaşdırır. Ekspertlər qeyd edirlər ki, Türkiyənin hələlik ballistik raketlərin qarşısını almaq üçün ABŞ-a tam alternativ təklif edə bilməməsinə (məsələn, "Siper" sisteminin təkmilləşdirilməsinə daha 4-5 il lazımdır) baxmayaraq, Körfəz ölkələri gözləməyə hazırdır.
"ABŞ kimi tədarükçülərdə “Patriot” və “THAAD” sistemləri üçün çoxillik növbələr var. Türkiyə sistemlərini isə oxşar müddətdə, lakin istehsalın lokallaşdırılması və birgə işlənməsi seçimi ilə əldə etmək olar. Onlar bunun daha sərfəli təklif olduğunu anlayırlar", - deyə məlumatda vurğulanır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:00 / 12.05.2026
Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb
Hazırda oxunan: Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb
Hazırda oxunan: Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb
612560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































