Aprelin 8-də əldə olunan razılaşmadan və aprelin 11-12-də İslamabadda baş tutan, amma nəticə verməyən danışıqların ardınca ABŞ tərəfi İranla savaşın bitmək üzrə olduğunu bəyan edib.
ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib ki, münaqişə həll olunmağa yaxınlaşır. Bununla belə, o prosesin hələ tam başa çatmadığını da diqqətə çatdırıb.
Eyni zamanda, Tramp ABŞ-nin prosesdə bütün məqsədlərinə nail olmadığını da etiraf edib. Həmçinin, ABŞ Prezidenti İranın razılaşma əldə etməyə can atdığını da qeyd edib.
Beləliklə, Tramp savaşın bitmək üzrə olduğunu bəyan edib. Bu fonda danışıqların ikinci raudunun olacağı barədə fikirlər də səslənir.
Lakin Trampın bu açıqlamaları müəyyən suallar doğurub. Xüsusilə də, ABŞ-ın fevralın 28-də danışıqlar davam edərkən İrana hücum etməsi ABŞ Prezidentinin yeni açıqlamalarını da şübhə altına alıb. Bəzi ekspertlər Trampın yenidən İrana gözlənilməz hücum edə biləcəyi qənaətindədirlər.
Savaş yenidən alovlanacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, danışıqlar gedə-gedə zərbələrin davam etdirilməsi indiki halda az ehtimal olunan variantdır:
“Əvvəl təşəbbüs ABŞ-la İsrailin əlində idi. Amma müharibə göstərdi ki, İranın cavab zərbələri daha güclü və effektivdir. Ona görə də indiki halda danışıqların davam etməsi fonunda bir-birinə qarşı zərbələrin davam etdiriləcəyi o qədər də real görünmür. Bu səbəbdən mövcud durumda sözügedən vəziyyət gözlənilmir. Zərbələr olsa da, Livandakı “Hizbullah”a qarşı olacaq”.
Politoloqun fikrincə, İsraildən fərqli olaraq ABŞ danışıqlarda nəticə əldə etməyə çalışır:
“Mövcud situasiyada ABŞ-da eskalasiyada maraqlı deyil. Bir tək maraqlı olan tərəf İsraildir. Amma Vaşinqton İsrailə bu imkanı verməyəcək və çalışacaq ki, danışıqlarda nəsə əldə edilsin”.
Rüfət Sultan, Bizim.Media






































































































