Qubalı qazinin əlillik dərəcəsi niyə ləğv edilib? – Ailə ehtiyac üzündən ÖLÜM RİSQİ ilə üz-üzədir - VİDEO

Qubalı qazinin əlillik dərəcəsi niyə ləğv edilib? – Ailə ehtiyac üzündən ÖLÜM RİSQİ ilə üz-üzədir - VİDEO

Hazırda oxunan: Qubalı qazinin əlillik dərəcəsi niyə ləğv edilib? – Ailə ehtiyac üzündən ÖLÜM RİSQİ ilə üz-üzədir - VİDEO

95578

Qubanın Vladimirovka kəndində yaşayan 3-cü qrup Qarabağ əlili Rauf Əli oğlu Məmmədovun əlilliyə görə dövlətdən aldığı pensiya kəsilib. Bu, maddi durumu ağır olan ailənin vəziyyətini daha da pisləşdirib, evdə 3 əlil övladı olan ailə çətin və əlacsız duruma düşüb.

Bu barədə Bizim.Media-ya Rauf Məmmədovun həyat yoldaşı Yeganə Məmmədova açıqlama verib.

Onun sözlərinə görə, həyat yoldaşı 1993-cü ildə hərbi xidmətə gedib və ağır yaralanıb. 1994-cü ilin 11 yanvarından 18 yanvara kimi Bakıda hərbi hospitalda müalicə olunub.

Xanımı deyir ki, o vaxt yoldaşına sağ budun qəlpə yarası və baş-beynin çoxsaylı qəlpə zədələri dioqnozu qoyulub və ordu sıralarından xəsarət almış hərbi qulluqçu kimi Qubaya geri qayıdıb. O vaxtdan aldığı xəsarətlərdən mütəmadi müalicə alan Rauf Məmmədov 2012-ci ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3-cü qrup Qarabağ əlili kimi pensiya almağa başlayıb. Yeganə Məmmədovanın sözlərinə görə görə, pensiyalar ona 2 illik, 3 illik, sonuncu dəfə isə 5 illik təyin olunub.

Deyir ki, sonuncu 5 illik 3-cü qrup Qarabağ əllili kimi aldığı 410 manat pensiya 2021-ci il dekabr ayının 12-də dayandırılıb. Ailəmiz ağır durumda olduğundan Rauf Məmmədov 2022-ci ildə yenidən Quba rayon mərkəzi xəstəxanasına müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə onlara imtina qərarı gəlib.

Bu,aylardır pensiya gözləyən Məmmədovlar ailəsinin bütün arzularını puça çıxarıb. Yeganə Məmmədova bildirir ki, bu yanaşmanı heç cür başa düşmür:

"Yoldaşım başından aldığı ağır qəlpə zədələrindən insult da keçirib, ayaqlarında sinir zədələnmələri də qeydə alınıb. İlboyu Qusar və Qubada, Bakıda müalicə götürən hərbi qulluqçunun pensiyasının kəsilməsi doğru deyil və xahiş edirəm nazir Sahil Babayev bu məsələni şəxsən özü nəzarətinə götürsün”.

Onun sözlərinə görə, xəstə ər, üstəlik 3 əlil uşaqla onlar indi nə edəcəklərini bilmirlər.

Güzəranımız heç danışılası deyil. Nəinki 4 nəfər xəstə adamın müalicəsinə, heç yeməklərinə günlərlə bir manat tapa bilmirlər:

“İki xəstə uşağa verilən müavinətlə ancaq quru çörəyə çatdıra bilirik. Gözümün qarşısında əzizlərim ağrılardan qıvrılanda özümü öldürmək istəyirəm. 13 yaşlı qızımın eplepsiyası var, başa düşürsünüz bu nə deməkdir?” 

Deyir ki, Rauf çox vətənpərvər adamdır, general Polad Həşumov şəhid olanda könüllü cəbhəyə getmək istəyirdi. Amma orduya yararlı olmadığı üçün aparmadılar. Məmmədovlar ailəsinin evi də yoxdur. Əslən Xınalıqdan olan ailə hazırda Qubanın Vladimirovka kəndində başqasına məxsus binada yaşayır. Həmin bina sovet dövründə soyuducu anbar olub. Sahibi həmin obyekti təmir etmək üçün bankların birindən kredit götürüb, krediti ödəyə bilmədiyi üçün bina bankın balansına keçib. İndi ailə evsizlik problemi ilə də üz-üzədir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanovdan münasibət öyrəndik.

Tural Qurbanov Bizim.Media-ya bildirdi ki, Rauf Əli oğlu Məmmədov əliliyinin qiymətləndirilməsi məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

“Rauf Məmmədovun sağlamlıq müayinəsi zamanı əlilliyə məxsus əlamətlərin olmadığı müəyyən edilib. Bu baxımdan ona qanunvericiliyin tələbinə uyğun olaraq imtina qərarı verilib”.

Tural Qurbanovonu da əlavə etdi ki, Rauf Məmmədovun səhhətində ağırlaşmalar müşahidə edilərsə, o yenidən qeydiyyatı üzrə yerli poliklinikaya müraciət edib komissiyadan keçə bilər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO