
- A-
- A
- A+
Aqşin Fatehin daha bir restoranının fəaliyyəti məhdudlaşdırıldı – Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb.
Bizim.Media xəbər verir ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb.
Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib.
Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb.
Qeyd edək ki, “By Fateh” restoranlar şəbəkəsinin sahibi meyxanaçı Aqşin Fatehdir.
Xatırladaq ki, bu il ərzində “By Fateh” restoranlarında üçüncü belə haldır. Belə ki, restoranın digər filiallarında da fəaliyyət iki dəfə dayandırılıb.
Fevralın 5-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən, Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, havalandırma sisteminin olmadığı, ət məhsullarına dair müşayiətedici sənədlərin təqdim edilmədiyi müəyyənləşib. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları və saxtalaşdırılma əlamətləri olan “Chivas” markalı alkoqollu içkilər aşkarlanıb.
İyunun 25-də isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən “By Fateh” restoranında yoxlama aparılıb. Yoxlamanın nəticəsində yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































