Yas süfrəsində ballı tort? - Şəmkir və Ağdaşda qeyri-adi ehsan ənənəsi

Yas süfrəsində ballı tort? - Şəmkir və Ağdaşda qeyri-adi ehsan ənənəsi

Hazırda oxunan: Yas süfrəsində ballı tort? - Şəmkir və Ağdaşda qeyri-adi ehsan ənənəsi
647993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkir və Ağdaş rayonlarının bəzi kəndlərində yas mərasimlərində tort verilməsi ilə bağlı iddialar var. Həmin rayonlardan olan sakinlərin sözlərinə görə, ehsan süfrələrinə qoyulan məhdudiyyətlər səbəbindən bəzi yerlərdə bu adət aradan qalxsa da, digər kəndlərdə, xüsusilə cümə axşamları keçirilən mərasimlərdə hələ də yaşadılır. Xüsusilə də “ballı tort” verilməsi bu rayonlarda ənənə olub.

Məsələnin qəribəliyi bu ənənənin qeyri-adiliyidir. Belə ki, Azərbaycanın digər bölgələrində, hətta ehsan süfrələrinin daha geniş olduğu dövrlərdə belə, yas mərasimlərində tort verilməyib. Şəmkir və Ağdaşın bəzi kəndləri ilə bağlı səsləndirilən bu iddialar isə istər-istəməz təəccüb doğurur.

Bizim.Media-ya danışan hər iki rayonun bələdiyyə və icra nümayəndələri bu iddiaları təkzib edərək belə bir ənənənin mövcud olmadığını bildirdilər.  

Ağdaş Rayon İcra Hakimiyyətinin İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Lətifov qeyd etdi ki, rayonun 43 icra nümayəndəliyi var, konkret hansısa kənddə bu adət varsa, həmin nümayəndəliklər cavabdehdir.

Amma şəxsən özü heç bir kənddə belə ehsan süfrəsi ilə qarşılaşmayıb:

“Mən özüm ağdaşlı ola-ola belə bir adətə heç vaxt rast gəlməmişəm. Yasda tort verilər? Tort ad günündə olar. Ehsan süfrəsində belə şey ola bilməz. Olma ehtimalı sıfıra bərabərdir. Kimdir ölüsünün ehsanına tort verən? Bizim rayonda ümumiyyətlə ehsan verilmir: yalnız qənd, çay, xurma, vəssalam, qayda belədir”.

“Onlara qarışacağımız yoxdur”

Şəmkir bələdiyyəsinin sədr müavini İlham Həsənov da deyilənlərin yalnız əsassız iddia olduğunu bildirdi:

“Mən Şəmkir şəhər bələdiyyəsinin sədr müaviniyəm, şəhər ərazisinə cavabdehik, bizim kəndlərlə əlaqəmiz yoxdur. Hər yerin öz ərazisi, öz möhürü, ştampı var. Onlara qarışacağımız yoxdur. Kəndlərdə baş verənlərə oranın nümayəndəlikləri cavabdehdir. Mən bu barədə heç nə eşitməmişəm. Ümumiyyətlə ehsan qadağasını ilk olaraq gətirən bizim bələdiyyənin sədri Vüqar müəllim olub, hələ heç yerdə məhdudiyyət olmayanda biz ehsan süfrəsini sadələşdirmişdik”. 
 

Qeyd edək ki, Azərbaycanda ehsan süfrələri 2014-cü ildən etibarən məhdudlaşdırılmağa çalışılıb, amma ölkə üzrə qanuni ehsan qadağası tətbiq edilməyib. Öncə təşəbbüs şəklində gündəmə gələn məhdudiyyətlər 2023-cü ildən etibarən öncə Naxçıvanın Şərur rayonunda, 2025-ci ildən isə digər bölgələrdə də tətbiq olunmağa başlanılıb.


İslami qaydalara gəlincə isə dində yas mərasimində tort və ya başqa şirniyyatın verilməsini qadağan edən konkret hökm yoxdur. İslamda mərhumun üçüncü, yeddinci, qırxıncı günündə və ya cümə axşamlarında mütləq süfrə açılması barədə zərurət yoxdur. Dini tövsiyələr əsasən, ehsan süfrəsi sadə olmalıdır. İsrafçılıqdan çəkinilməlidir. Yas mərasimi ziyafətə və nümayişə çevrilməməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO