
- A-
- A
- A+
Sabiq nazir 20 milyon dolları meşədə basdırıbmış... – Video
Macarıstanın sabiq baş naziri Viktor Orbanın hökumətində milli inkişaf naziri vəzifəsini tutmuş Mikloş Şeştakın korrupsiya işinin istintaqı çərçivəsində ölkənin bir neçə bölgəsində eyni vaxtda axtarışlar aparılıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları pulları ən gözlənilməz yerlərdə — kənd təsərrüfatı və anbar binalarında, yaşayış evlərində, gizli seyfdə və hətta meşədə torpağa basdırılmış halda aşkar ediblər.
Ümumilikdə təxminən 6,45 milyard forint (təqribən 20 milyon ABŞ dolları) məbləğində nağd pul müsadirə olunub.
Qeyd edək ki, Mikloş Şeştak sentyabr ayında korrupsiya cinayətlərində şübhəli bilinərək saxlanılıb. İstintaq xüsusilə 2015–2018-ci illərdə "Volán" dövlət şirkətləri üçün işlənmiş avtobusların satın alınması prosesini araşdırır. İstintaqın versiyasına görə, avtobuslar şişirdilmiş qiymətlərlə alınıb və nəticədə dövlət şirkətlərinə 10 milyard forintdən çox ziyan dəyib.
Prokurorluq Şeştakı və aktivlərin idarə edilməsi üzrə dövlət şirkətinin sabiq rəhbəri Norbert Siveki 11 milyard forint məbləğində qanunsuz gəlir əldə etməkdə şübhəli bilir. Sabiq nazir isə irəli sürülən ittihamları rədd edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































