
- A-
- A
- A+
Büdcədənkənar vəsaitlər üçün xüsusi mexanizm - Prezident təsdiqlədi
Dövlət müəssisələrinin büdcədənkənar vəsaitlərlə apardığı bəzi satınalmalar üçün ayrıca qaydalar müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan və həmin qurumun idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilməyəcək.
Qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir.
İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur.
Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir.
Satınalmalar Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.
Dövlətimizin başçısı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































