Ağsuda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Qəhrəmanlar Kompleksi və Şəhidlər Xiyabanı ziyarət olunub, ağacəkmə aksiyası keçirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbir çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Pirhəsənli kənd ərazisindən keçən hissəsinin kənarlarında ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra Qəhrəmanlar Kompleksində rəsmi tədbir keçirilib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi, Ağsuda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Canlarını Vətən torpağına fəda edən qəhrəmanlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik!













Bizim.Media, Aran bürosu

























































































