2026–2027-ci tədris ili üzrə məktəb seçimi, qeydiyyat, şagird yerdəyişməsi və digər xidmətlərin elektron platformalar üzərindən həyata keçirilməsi davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, xidmətlərin elektron platformalar üzərindən həyata keçirilməsi proseslərin daha çevik və əlçatan təşkilinə imkan yaradır. 2026–2027-ci tədris ili üzrə qəbul və qeydiyyat mərhələlərinin davam etdiyi dövrdə bu xidmətlərdən istifadə edən vətəndaşların sayı, yerləşdirilən sorğular və həyata keçirilən proseslərlə bağlı statistika elektron xidmətlərin əhatə dairəsini və tətbiq miqyasını nümayiş etdirir.
Mayın 6-dan 2026–2027-ci tədris ili üzrə uşaqların birinci sinfə elektron qəbulu prosesinə başlanılıb. Hazırda “mektebeqebul.edu.az” portalı vasitəsilə ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və tədrisi digər dillərdə aparılan bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır. İndiyədək 121 909 nəfər birinci sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb.
İyulun 10-dan isə 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların elektron qeydiyyatına start verilib. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi üzərindən həyata keçirilir. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 21-də, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 22-də aktiv edilib. Hazırkı statistikaya əsasən, 58 943 nəfər məktəbəhazırlıq qruplarına sorğu yerləşdirib.
Avqustun 20-də 2026–2027-ci tədris ili üzrə şagird yerdəyişməsi prosesinə başlanılıb. Proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçirilir. Şagirdlərin yerdəyişməsi ilə bağlı bu günədək 29 482 elektron sorğu yaradılıb.
Attestatların elektron formada rəsmiləşdirilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Bu günədək 300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib.
Bununla yanaşı, iyulun 7-dən 2026–2027-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilib. Proses “my.gov.az” portalı vasitəsilə həyata keçirilib və 44 335 uşaq bağçalara qəbul olunub.
Bizim.Media






























































































