“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

Hazırda oxunan: “Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

630896

Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimindən əvvəl abituriyentlərə məlumatlarla tanış olmağı tövsiyə edib.

Bizim.Media-nın məlumatına görə, M.Abbaszadə mərkəzin sosial şəbəkə hesabında canlı yayım zamanı çıxışında bildirib ki, abituriyentlər çox zaman müxtəlif şəxslərin fikirlərinə, qeyri-rəsmi saytlarda yayılan məlumatlara əsaslanılırlar.

DİM sədri abituriyentlərin həmin məlumatlara güvənməməyi məsləhət görüb:

"Çünki onlar səhv ola bilər. Əsas və etibarlı məlumatlar rəsmi mənbələrdə, xüsusilə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında dərc olunur. Buna görə də ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərə həmin jurnallarda yayımlanan məlumatlarla tanış olmağı tövsiyə edirik. Seçim edərkən abituriyentlər ilk olaraq öz istəklərini nəzərə almalıdır.

Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir. Abituriyentlər ixtisasın adına aldanmadan, öz sevdikləri peşəni seçməlidir. Çünki əks halda gələcəkdə həmin sahədə perspektiv olmaya bilər. Abituriyentlərin seçdiyi ixtisas gələcəkdə onlara sevdiyi işlə məşğul olmaq imkanı verməlidir.

Elə şəxslər tanıyıram ki, 7 il ərzində istədiyi ixtisasa qəbul olmaq üçün imtahanlarda iştirak edib və sonda uğur qazanıblar. Amma siz özünüzə sual verməlisiniz: buna hazırsınızmı?! Əgər hazır deyilsinizsə, lakin həmin istiqamətdə fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, hansı ixtisasları seçə bilərsiniz? Orta ixtisas təhsili müəssisələri, kolleclər var. Həmin sahədə qalmaq üçün kollecləri də seçə bilərsiniz.

Bu suallara hər biriniz özünüz cavab verməlisiniz. Nəhayət, məsuliyyət məsələsi var. Sizə məsləhət verə bilərlər, amma qəbul etdiyiniz qərarın məsuliyyəti sizin üzərinizdədir. Çünki həyat yolunu siz özünüz keçəcəksiniz. Sizə məsləhət verən insanlar isə həmin yolda hər zaman yanınızda olmayacaqlar".

Qeyd edək ki, avqustun 12-dən 19-na kimi davam edəcək ixtisas seçimi bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO