Sosial şəbəkələrdə və müxtəlif media platformalarında özünü müstəqil qida eksperti kimi təqdim edən bəzi şəxslərin heç bir laborator analizinə, rəsmi ekspertiza nəticəsinə əsaslanmadan müəyyən ərzaq malları haqqında “almayın”, “təhlükəlidir” kimi qəti fikirlər səsləndirməsi əhali arasında çaşqınlıq yaradır. Belə açıqlamalar həm məhsulun təhlükəsizliyi ilə bağlı əsassız şübhələrin formalaşmasına gətirib çıxara bilər, həm də istehsalçı şirkətlərin işgüzar nüfuzunun pozulmasına səbəb olar.
Bəs laborator analiz və ekpertiza olmadan səsləndirilən bu cür iddialar nəyə əsaslanır?
MÖVZU İLƏ BAĞLI:
Eyni menyu, yüzlərlə insan: Onlayn arıqlama qruplarının görünməyən TƏHLÜKƏSİ
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə əlaqədar Bizim.Media-ya bildirdi ki, indiki qida təhlükəsizliyinin mövcud olduğu, 80% məhsulların markalandığı bir zamanda bəzi qida mütəxəssislərinin bu cür populist çıxışları doğru deyil.
“Bu, həm əhalini müəyyən ərzaq məhsullarından uzaqlaşdırır, həm də istehsalçı şirkətlərə ciddi ziyan vurur. Belə qənaətlər indiki şəraitdə yalnız ciddi araşdırmalar və ekspertizalardan sonra mümkün ola bilər. Əhalini, istehlakçıları qida məhsullarından iyrəndirmək olmaz. Mən son 15 ildə yalnız markalanmamış məhsullara dair belə fikirlər bildirmişəm. Ara marketlərdə daha çox bu cür markalanmamış məhsullara rast gəlinir. Lakin markalanmış məhsulların marka ilə tərkibinin uyğunluğu 95%-dir”.
Özünə mütəxəssis deyən adam diqqətli olmalıdır
E.Hüseynov vurğuladı ki, adətən qida mütəxəssislərin belə kəskin çıxışları kütləyə hesablanmış, bəyənmə qazanmaq üçün edilir.
“Həmçinin bəzi qida mütəxəssislərinin hansısa biznes qurumuna yararlanmaq naminə cəhdləri də istisna deyil. Bir şirkətin məhsulu haqqında mənfi rəy söyləməklə onun rəqabət qabiliyyətinə zərər vurmaq mümkündür. Özünə mütəxəssis deyən adam belə şeylərdən uzaq olmalıdır. İstehlakçı hüquqlarını qoruyan və media ilə sıx işləyənlər çox diqqətli olmalıdırlar ki, özlərinin və əməkdaşlıq etdiyi media qurumunun nüfuzuna xələl gəlməsin”.
Şəfiqə Şəfa, Bizim.Media
































































































