Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Hazırda oxunan: Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

624658

Azərbaycanda son illər ailədaxili münaqişələr və məişət zəminində, hətta küçədə baş verən bəzi qətl hadisələrində qanuni qeydiyyatda olan ov tüfənglərindən istifadə olunması cəmiyyətdə silahların saxlanması ilə bağlı narahatlıqlar yaradır. Belə hadisələrdən sonra diqqət əsasən silahın kimə məxsus olmasına və onun qanuni əldə edilib-edilməməsinə yönəlir.

Bəs ov silahının mütləq şəkildə evdə saxlanılması nə dərəcədə doğrudur?

Hazırda Azərbaycanda qanuni ov silahı sahibi silahını özü saxlayır və onun təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Ölkədə silahın üçüncü şəxs tərəfindən və ya xüsusi dövlət anbarlarında saxlanılması ilə bağlı qanun nəzərdə tutulmur. İnsanlar hesab edirlər ki, zorakılıq hallarında hər hansı silaha çıxışın məhdudlaşdırılması cinayət riskini azalda bilər. Bu baxımdan silahların xüsusi mühafizə olunan mərkəzlərdə saxlanılması ideyası müzakirə mövzusu kimi diqqət çəkir.
 

Dünyada bu məsələyə müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Böyük Britaniyada bəzi lisenziyalı atıcılıq klubları üzvlərinə silahlarını klubun mühafizə olunan silah otaqlarında saxlamaq imkanı yaradır. Yeni Zelandiyada da atıcılıq klubları və poliqonlar üçün silahların xüsusi təhlükəsizlik qaydalarına uyğun saxlanılması tələbləri müəyyən edilib. Polşada isə qanun silahın yaşayış yerindən kənarda, o cümlədən lisenziyalı atıcılıq klubunda saxlanılmasına imkan verir. Digər tərəfdən, Sinqapur, Çin və Şimali Koreya kimi ölkələrdə mülki silah sahibliyi ümumiyyətlə qadağandır və ya son dərəcə məhdudlaşdırılıb.


Bəs Azərbaycanda da belə modelin tətbiqi mümkündürmü? Ovçuların hüquqları ilə ictimai təhlükəsizlik arasında balans necə qoruna bilər? Silahların xüsusi mühafizə olunan mərkəzlərdə saxlanılması məişət zəminində baş verən faciələrin qarşısının alınmasına kömək edə bilərmi

Bizim.Media məsələ ilə bağlı sosioloq Naib Niftəliyevin fikrini öyrənib. Onun sözlərinə görə, tüfənglərin lisenziyalı olması problemi tam həll etmir, sadəcə müəyyən qədər azaldır:

“Ailədaxili zorakılıq hallarında məsələ təkcə silahla bağlı deyil. Silah olmasa belə, cinayət başqa vasitələrlə də törədilə bilər. Qadın qətlləri və intihar halları bunu təsdiqləyir.
 

Ailədaxili zorakılıq daha mürəkkəb fenomendir. Qanunvericilikdə də göstərildiyi kimi, bu zorakılıq çox vaxt psixoloji təzyiq formasında başlayır, sonradan fiziki zorakılığa və digər ağır nəticələrə gətirib çıxara bilir. Kişilər daha çox fiziki zorakılığa meyilli olurlar. Heç bir səbəb və ya davranış cinayətə haqq qazandıra bilməz.


Bununla yanaşı, bəzən insan əvvəlcədən cinayət törətmək niyyətində olmur. Müəyyən sosial şərait, psixoloji təzyiq, ictimai qınaq və digər amillər onu yanlış qərarlar verməyə sövq edə bilir. Buna görə də bu risk amilləri mütləq nəzərə alınmalıdır”.

Sosioloqun fikrincə, ən azı ildə bir dəfə evdə saxlanılan ov tüfənglərinə hüquqi yoxlanışlar olmalıdır:

“Ov tüfəngləri ilə bağlı vəziyyət bir qədər fərqlidir. Belə silahlar əlçatmaz və təhlükəsiz yerdə saxlanılmalı, onların mühafizəsi qaydalara uyğun təşkil edilməlidir. Müvafiq dövlət qurumları da silahların saxlanılması, texniki vəziyyəti və istifadə qaydalarına əməl olunmasını mütəmadi yoxlamalıdır.
 

Silahların xüsusi mühafizə olunan dövlət mərkəzlərində saxlanılması müəyyən hallarda məqsədəuyğun ola bilər. Lakin silahdan istifadə hüququ verilmiş şəxsə lisenziya təqdim olunubsa, əsas diqqət onun daha ciddi nəzarətdə saxlanılmasına yönəlməlidir. Yəni nəzarət mexanizmi gücləndirilməlidir.


Silahların yalnız bir mərkəzdə saxlanılması müəyyən praktik çətinliklər və əlavə risklər də yarada bilər. Məsələn, silahın sahibinə verilməsi prosesi də ayrıca risk daşıyır. Çünki silahdan təhlükəsiz istifadə üçün insanın onunla mütəmadi təmasda olması, atıcılıq meydançalarında və təlimlərdə bacarıqlarını qoruması vacibdir. Buna görə də qanuni istifadə mexanizmi dəqiq və balanslı şəkildə qurulmalıdır”.

N.Niftəliyev əlavə edir ki, ailədaxili münaqişələrin və zorakılıq hallarının artması problemin həlli yalnız silahların saxlanılması qaydalarının dəyişdirilməsi ilə məhdudlaşmamalıdır. O, maarifləndirmə, psixoloji dəstək, preventiv tədbirlər və effektiv dövlət mexanizmlərinin də paralel şəkildə gücləndirilməsini təklif edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO