“Ölümlə nəticələnən yol nəqliyyat hadisələrində azadlıqdan məhrumetmə demək olar ki, qaçılmaz olur. Zərərçəkənin ailəsi ilə barışıq əldə olunmayıbsa və barışıq ərizəsi yoxdursa, məhkəmələr demək olar ki, həmişə 5 ildən artıq cəza təyin edir ki, şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yox, ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilsin”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Yenisabah.az”a açıqlamasında vəkil Turan Abdullazadə bildirib.
O, “Arzum9999” kimi tanınan İlduzə Hacıyevanın cinayət işini şərh edib:
“Hadisə yerindən qaçma baş veribsə, bu, cəzanı ağırlaşdıran əlavə amildir. Həmin halda da azadlıqdan məhrumetmə qaçılmaz olur. Təqsirləndirilən şəxsə yol nəqliyyat hadisəsi cinayətlərində bir neçə maddə üzrə ittiham olunaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsi də onun azadlıqda saxlanılmasını istisna edir.
Şərti cəzanın verilməsi üçün adətən aşağıdakıların cəmi lazımdır: zərərçəkənin ailəsi ilə tam barışıq və maddi/mənəvi zərərin ödənilməsi — bu, ən həlledici amildir; təqsirin etiraf edilməsi, səmimi peşmançılıq; əvvəllər məhkum olunmamaq (təmiz keçmiş); hadisə yerindən qaçmama, istintaqa əngəl törətməmə; zərərçəkənin tərəfinin özünün də qismən günahkar olması (məsələn, piyada qaydanı pozub) kimi yüngülləşdirici hallar. Yəni bunlar olmadıqda, məhkəmələr adətən azadlıqdan məhrumetmə cəzası təyin edir, çünki ictimai təhlükəlilik (ölüm halı) yüksək qiymətləndirilir”.
Vəkil deyib ki, qadın olmaq cəzanı yüngülləşdirmir, yalnız azyaşlı uşağın olması nəzərə alına bilər:
“Peşmançılıq və zərərin ödənilməsi rəsmi yüngülləşdirici hal sayılır, amma barışıq qədər güclü təsir etmir. Zərər ödənilib, amma ailə “barışmadıq” desə, məhkəmə yenə də ağır cəza verə bilər.Əlbəttə, hamiləlik halı nəzərə alına bilər, sadəcə qadın olmaq faktı isə avtomatik yüngülləşdirici hal deyil.
İttiham olunan şəxsin himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici haldır və məhkəmə bunu nəzərə almalıdır. Adətən, cəzanın aşağı həddə və ya həmin həddən bir qədər aşağı təyin olunmasına səbəb ola bilər).
Yəni bu amillərin hamısı mövcud olsa belə, ölümlə nəticələnən yol nəqliyyat hadisələrində, xüsusən barışıq olmadıqda, bunlar cəzanı şərtiləşdirməyə deyil, adətən yalnız cəzanın müddətini bir qədər azaltmağa kifayət edir”.
T.Abdullazadənin sözlərinə görə, “Arzum9999”a verilən cəza ittihamı nəzərə alındıqda normal görünür:
“Hadisə yerindən qaçma faktına görə şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ittiham elan olunduğu və məhkəmə də bu ittihamı təsdiq etdiyi üçün təyin edilən cəza ağlabatan görünür. Avtoqəza ehtiyatsızlıqdan baş versə də, hadisə yerini tərk etmək artıq qəsd tərkibli əməl kimi qiymətləndirilir və cəzanın ağırlaşmasına səbəb olur. Yəni hadisə yerindən qaçma faktı olmasa bəlkə də təqsirləndirilən şəxsə cəza təyin edilsə belə, o azadlıqda qala bilərdi”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:54 / 03.07.2026
“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?
Hazırda oxunan: “Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?
Hazırda oxunan: “Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?
623058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































