Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının həkimi, tibb xidməti mayoru Zaur Nağıyev beynəlxalq seminarda birinci yeri qazanıb.
Bizim.Media xəbər verir ki, həkim Avstriya Respublikasının Salzburg şəhərində keçirilən, 28 ölkədən LOR həkimlərinin qatıldığı beynəlxalq seminarda, proqram boyunca keçirilən imtahanlarda ən yüksək nəticə toplayaraq birinci olub.
Qeyd edək ki, seminar Weill Cornell Medicine (New York, USA), Paracelsus Private Medical University (Salzburg, Austria), Medical University Of Vienna (Vienna, Austria), Stanford University School of Medicine (California, USA), Charles University (Prague, Czech Republic), Columbia University Medical Center (New York, USA), Ankara Üniversiteti Tibb Fakültəsi (Ankara, Türkiye), University Hospital Regensburg (Regensburg, Germany) kimi dünyaca məşhur üniversitetlərin professorları tərəfindən keçirilib.
Bu elmi proqrama bu günə qədər dünyanın 138 ölkəsindən toplamda 30360 həkim qatılıb.
Məlumat üçün bildirək ki, tibb xidməti mayoru Nağıyev Zaur Qara oğlu 12 il Türkiyə Respublikası (TR) Gülhanə Hərbi Tibb Akademiyasında təhsil almış, Akademiyanı dərəcə ilə bitirib. 4 dəfə Akademiyada birinci olub, 2017-ci ildə Türkiyə Respublikasında keçirilən, 40 tibb fakültəsindən həkimlər arası yarışmada ‘Türkiyə Birincisi’, 2018-ci ildə təkrar keçirilən yarışmada yenidən ‘Türkiyə Birincisi’ olub.
Zaur Nağıyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılıb. O dönəmin TR Milli Məclisin sədri və Baş Naziri tərəfindən də mükafatlandırılan tibb xidməti mayoru Zaur Nağıyev hazırda Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Vətən müharibəsi iştirakçısıdır və ümumilikdə, 12 medal ilə təltif edilib.
O, elmi işini və müdafiəsini Türkiyə Respublikasında tamamlayıb. Həmin elmi iş TR Yüksek Öğretim Kurumu Tərəfindən dərc olunub.
Dünyada ilk dəfə olaraq tam qopan qulaq rekonstruksiyasında ‘ən böyük kompozit greft’i istifadə edib və uğurlu nəticə əldə edib. Tibb xidməti mayoru Zaur Nağıyev hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyir. Qulaq, burun, boğaz uzmanı, ixtisasca lor həkimidir.


Bizim.Media





































































































