Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, DİM apelliyasiya müraciətlərinin ödənişli olmasının tərəfdarıdır. Sədr qeyd edib ki, xüsusilə əsassız apellyasiya müraciətlərinə baxılması böyük resursun sərf edilməsinə səbəb olur.
Onun bu açıqlaması birmənalı qarşılanmayıb və ciddi müzakirələr yaradıb. Bəziləri düşünür ki, abituriyentin, şagirdin etiraz haqqı ödənişli edilməməlidir, istənilən şəxs apellyasiyaya ödənişsiz müraciət etməlidir.
Bizim.Media təhsil eksperti Elçin Əfəndinin də mövzuya münasibətini öyrənib. Ekspert bu təklifi əsaslandıran səbəbləri açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?
"Bəzi hallarda abituriyentlər nəticəni təhlil etmədən apellyasiyaya müraciət edirlər. Bu da əlavə işçi cəlb olunmasına, prosesin ləngiməsinə səbəb olur. Buna görə də ödəniş tələb edilərsə, abituriyentlər kortəbii formada yox, həqiqətən qiymətləndirməni təhlil edib müraciət edəcəklər".
Ekspert vurğulayıb ki bu, abituriyentlərin etiraz hüquqlarını məhdudlaşdırmayacaq.
Sadəcə imtahan nəticəsinin yoxlanılmasına həqiqətən ehtiyac olduğunu düşünən abituriyentlər apellyasiyaya müraciət edəcəklər.
"Çünki bəzi müraciətlər əlavə vaxt itkisinə səbəb olur, yekunda məlum olur ki, abituriyent nə istədiyini bilmir, qiymətləndirmə düzgün olub. Ancaq bu müraciətə baxılması üçün işçilərin əməkhaqqısı, vaxt kimi resurslar istifadə edilir. Bu da bu xidmətin ödənişli edilməsinə əsas yarada bilər. Ümid edirəm ki, əgər apellyasiya üçün məbləğ təyin edilərsə, bu, çox əlçatmaz yox, cüzi olar. Nümunə olaraq bir sual 5-10 , 2 sual 20 manat olsun".
Nəzrin Mirzəyeva, Bizim.Media
































































































