Yol qəzalarının yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir – Ərşad Hüseynov

Yol qəzalarının yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir – Ərşad Hüseynov

Hazırda oxunan: Yol qəzalarının yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir – Ərşad Hüseynov

621463

Bakıda "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində ictimai müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və "Müstəqil Nəqliyyatçılar" məsləhət və informasiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə media nümayəndələri, nəqliyyat ekspertləri, aidiyyəti qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

"Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Ərşad Hüseynov çıxışında insanların təhlükəsiz davranışlarının və təhlükəsiz mühitin formalaşdırılmasının bu gün cəmiyyəti narahat edən əsas məsələlərdən biri olduğunu bildirib.


O qeyd edib ki, qanunlar qəbul edilərkən müasir dövrün tələbləri nəzərə alınırsa, onların tətbiqində də real şərait və mövcud reallıqlar diqqətə alınmalıdır.

Ərşad Hüseynov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, görülən işlər və gələcəkdə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, layihələrdən biri müasir şəhərsalmada piyada təhlükəsizliyinə həsr olunub.

Onun sözlərinə görə, 2026-cı ilin ölkədə "Şəhərsalma ili" elan olunması və bu istiqamətdə keçirilən tədbirlər mövzunun aktuallığını daha da artırır. Ə.Hüseynov vurğulayıb ki, təhlükəsizlik istənilən şəhərin əsas göstəricilərindən biridir və məhz təhlükəsiz şəhərlər insanlar üçün daha cəlbedici olur.
 

Birlik sədri yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatları da iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, son 30 ilin statistikasına əsasən, qeydə alınan yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi piyada keçidlərində baş verib. Qəzaların təxminən 87 faizi yaşayış məntəqələrində qeydə alınır və onların yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir. Piyada vurulması hadisələrinin yarıdan çoxu isə ölümlə nəticələnir.


Ekspert piyada təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, aparılan müzakirələr nəticəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi qərara alınıb.

Qeyd olunub ki, ilk növbədə Bakıda və ətraf qəsəbələrdə səkilərin inkişafı istiqamətində işlər görülməlidir. Misal olaraq Masazır qəsəbəsini göstərən Ə. Hüseynov bildirib ki, təxminən 70 min insanın yaşadığı ərazidə piyada infrastrukturu kifayət qədər inkişaf etməyib və oxşar vəziyyət digər yaşayış məntəqələrində də müşahidə olunur.

Bundan başqa, piyada keçidlərinin təhlükəsizliyinin artırılması məsələsinə də toxunulub. Bildirilib ki, son illər bu istiqamətdə müəyyən müsbət addımlar atılsa da, sürücülərin piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltması və piyadalara üstünlük verməsi üçün əlavə tədbirlərə ehtiyac var.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO