Azərbaycan Avropa ilə Asiya arasında ən mühüm tranzit marşrutlarından biri kimi öz hava məkanının əhəmiyyətini artırmağa davam edir. Son illərdə ölkə üzərindən keçən beynəlxalq reyslərin axını bir neçə dəfə artıb, may ayında isə yeni tarixi rekord qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Aviation Week" jurnalına müsahibəsində "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev məlumat verib.
Onun sözlərinə görə. mayın 9-da Azərbaycanın hava məkanından 1 062 reys keçib ki, bu da bütün müşahidə tarixi ərzində ən yüksək göstəricidir:
“Cari ilin mart ayında isə sutkalıq orta tranzit uçuşlarının sayı 810 reysə çatıb. Yaxın Şərqdəki böhran başlayandan bəri 60-dan çox aviaşirkət Azərbaycanın hava dəhlizindən istifadə etməyə başlayıb. Əgər 2021-ci ildə AZANS 47 065 tranzit reysinə xidmət göstərmişdisə, 2025-ci ildə bu rəqəm kəskin artaraq 261 085-ə yüksəlib.
Qlobal aviasiya marşrutlarındakı bu dəyişikliklər Ukrayna hava məkanının bağlanması, Rusiya səmasının bəzi hissələrində tətbiq olunan məhdudiyyətlər, bir sıra daşıyıcıların Rusiya üzərindən uçmaqdan imtina etməsi və Yaxın Şərqdəki qeyri-sabit vəziyyətlə bağlıdır”.
O, qeyd edib ki, hava trafikinin yenidən paylanması nəticəsində Azərbaycanın uçuş məlumat bölgəsi (FIR) Avrasiyada əsas alternativ marşrutlardan birinə çevrilib:
“Buraxılış qabiliyyətini artırmaq üçün hava hərəkətini idarəetmə üzrə yeni sektorlar yaradılıb, hava məkanının strukturu müasirləşdirilib və yeni sistemlərə investisiyalar yatırılıb”.
AZANS rəhbəri vurğulayıb ki, Çin, Mərkəzi Asiya ölkələri və Hindistanı Avropa ilə bağlayan yeni hava marşrutları artıq öz səmərəliliyini sübut edib:
“Bundan əlavə, Azərbaycan bu marşrut boyu yerləşən dövlətlərlə birlikdə hava axınlarının idarə olunması sisteminin tətbiqini müzakirə edir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu, ölkənin hava məkanının buraxılış qabiliyyətini hazırkı saatda 250 reysdən 300 reysə qədər artırmağa imkan verəcək”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:05 / 11.06.2026
Azərbaycan mayın 9-da tranzit aviareyslərin sayına görə rekord vurdu
Hazırda oxunan: Azərbaycan mayın 9-da tranzit aviareyslərin sayına görə rekord vurdu
Hazırda oxunan: Azərbaycan mayın 9-da tranzit aviareyslərin sayına görə rekord vurdu
618684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































