
- A-
- A
- A+
Bayden xatirələrində Putin və Zelenskini tənqid etdi: Biri şıltaqdır, digəri isə nankordur
ABŞ-ın sabiq prezidenti Cozef Bayden "Mənə söz ver, Amerika" ("Promise Me, America") adlı yeni xatirə kitabında Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski haqqında təəssüratlarını bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bayden Rusiya liderini təsvir edərkən onun "şıltaq və saymazyana tonuna" diqqət çəkib və qeyd edib ki, Putin görüşlər zamanı yeniyetmə kimi laqeydliyini nümayiş etdirib.
Ukrayna prezidenti Volodimir Zelenskidən bəhs edən sabiq prezident onun aktyorluq keçmişinin müharibə dövrünün lideri üçün "əla məktəb olduğunu" vurğulayıb. Bununla belə, Bayden şəxsi söhbətlərdə Zelenskinin əsəbi, inadkar davrandığını və nankor olduğunu bildirib.
Kitabda həmçinin Donald Trampın komandasının hələ rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl Putinlə birbaşa danışıqlar aparmaq üçün Baydendən icazə məktubu imzalamasını xahiş etdiyi qeyd olunur. Bayden isə bunun Trampa tam sərbəstlik verəcəyindən və "Ukraynanın hesabına bir növ kapitulyasiyaya gətirib çıxaracağından" ehtiyat edərək bu təklifdən imtina etdiyini açıqlayıb.
Xatırladaq ki, Donald Tramp da son dövrlər Ukrayna prezidentini Rusiya neft emalı zavodlarına zərbələr endirməklə sülhə mane olmaqda ittiham edərək dəfələrlə tənqid edib və Putinlə dil tapmağın Zelenski ilə işləməkdən daha asan olduğunu bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































