
- A-
- A
- A+
Türkiyənin hərbi texnologiyasında böyük uğur: 51 dron bir neçə saniyədə məhv edildi - Video
Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti güclü elektromaqnit şüalanması vasitəsilə eyni vaxtda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirə bilən "Ejderha" pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sisteminin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilib ki, sınaqların birinci mərhələsində sistem təxminən 1 000 metr məsafədə kabellə idarə olunan iki dronu sıradan çıxarıb.
İkinci mərhələdə isə "Ejderha" eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni zərərsizləşdirib.
Şirkətin açıqlamasına görə, sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəfə alır. Bu texnologiya raket və ya digər sursatlardan istifadə etmədən dronların fəaliyyətinin pozulmasına, onların yenidən işə salınmasına və ya tamamilə sıradan çıxarılmasına imkan verir.
ASELSAN-ın baş direktoru Ahmet Akyol sınağı şirkət üçün mühüm nailiyyət adlandırıb. O, "Ejderha" sisteminin artıq istifadəyə verildiyini və kütləvi istehsalına başlanıldığını açıqlayıb.
Sistem Türkiyənin çoxqatlı "Polad günbəz" hava hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































