Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Rəşadət Piriyev doğulduğu Bərdə rayonunun Yeni Daşkənd kəndində torpağa tapşırılıb.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, şəhidlə əvvəlcə vida mərasimi keçirilib.
Daha sonra onun nəşi Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunub. Mərasim hərbi orkestrin müşayiəti, himn sədaları və yaylım atəşi ilə davam edib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Rəşadət Piriyev 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.
O, Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Uzun illər itkin hesab edilən şəhidin qalıqları aparılan eyniləşdirmə prosesindən sonra müəyyən olunaraq ailəsinə təhvil verilib.





Bizim.Media, Qarabağ bürosu



























































































