“Qadınlar kişilərdən zəifdir” deyən Şəhriyara CAVAB – “Uğurlu qadınları qəbullanmır” - VİDEO

“Qadınlar kişilərdən zəifdir” deyən Şəhriyara CAVAB – “Uğurlu qadınları qəbullanmır” - VİDEO

Hazırda oxunan: “Qadınlar kişilərdən zəifdir” deyən Şəhriyara CAVAB – “Uğurlu qadınları qəbullanmır” - VİDEO

193474

Şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarovun səsləndirdiyi fikirlər iki gündür sosial şəbəkələrdə təlatüm yaradıb, müzakirə burulğanı isə bitmək bilmir. O, verdiyi müsahibədə qadınların heç bir sahədə üstün olmadığı fikrini səsləndirib: 

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir”. 

Şəhriyar Məmmədyarov ona ünvanlanan növbəti  “Sizcə, niyə belədir?” sualına isə belə cavab verib: 

“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki? Çox fikirləşməyiniz belə qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.

Şahmatçının qadınlarla bağlı dedikləri cəmiyətdə birmənalı qarşılanmayıb. Çoxları şahmatçının qadınları təhqir etməkdə qınayıb. 

Maraqlıdır, ictimaiyyət nümayəndələri bu barədə nə düşünür? 

Deputat Fazil Mustafa Bizim.Media-ya açıqlamasında Şəhriyarın çıxışını belə şərh edib:

“Şəhriyarın çıxışını dinlədim. Çox etik formada məsələlərə münasibət bildirib. Bu, onun şəxsi fikridir. Bir sıra sahələri də qeyd edir. Məsələn, diqqət etsəniz, görərsiniz ki, elmi biliklərin qiymətləndirilməsi ilə bağlı “Nobel” mükafatına layiq görülən qadınların sayı azdır. Bu, bəlkə də, qadınların təhsili ilə bağlı məsələdir. Amma Şəhriyarın fikri mülahizədir və qadınları təhqir etmək kimi bir düşüncəsinin olduğunu düşünmürəm. Onun nitqi hüquq pozuntusuna çağırış deyil. 

Şəhriyar intellektual qabiliyyətlərin qiymətləndirilməsi ilə bağlı mülahizəni irəli sürüb. Dünya alimləri arasında da bu məsələdə fikir ayrılığı var. Bəziləri bərabərliyə əsaslanan baxış bucağını sərgiləyir. Digər qism isə bütün sahələrdən nümunələr çəkərək əksi olduğunu iddia edir”. 

Deputat qeyd edib ki, Ş.Məmmədyarovun fikirlərinə hörmət etmək lazımdır:

“Azərbaycanda qəribə bir xəstəlik var. Kimsə şəxsi fikrini deyəndən sonra onu sosial şəbəkədə paylaşıb linç edirlər. Şəhriyar şahmatda özünü təsdiq etmiş uğurlu bir insandır. O, kimisə tənqid etməyib. Sadəcə kişi və qadın qabiliyyətinin fərqini izah edib. Bunu da nümunələrlə ortaya qoyur. Məsələnin müzakirə edilməsi, Şəhriyarın linç olunması cəmiyyətimizdə demokratik təfəkkürün aşağı olmasının göstəricilərindən biridir. 

Şəhriyar “qadınlar təcrid olunmalıdır, hüquqları pozulmalıdır” desəydi edilən linçlər məntiqli olardı. Ancaq qadın və kişinin fərqini göstərmək təhlükəli bir yanaşma deyil. Məişət sahəsində qadınların gördüyü işləri kişilər yaxşı bacarmır. Hüquq baxımından mən də o düşüncədəyəm ki, qadın-kişi bərabərliyi vacibdir. Qabiliyyət müqayisəsində isə qanunla müəyyən edilmiş bəzi sahələr var ki, orada qadınların çalışması məqbul sayılmır. 

Şəhriyarın şəxsiyyəti ilə bağlı təhqiramiz təqdimat da oxudum. Bunu çox uyğunsuz yanaşma hesab edirəm. Bu məsələnin qaragüruhçuluqla qiymətləndirilməsi doğru deyil. Şəhriyarın fikrində ümumiləşdirmədə ziddiyət ola bilər. Amma əksər sahələr üçün bu üstünlük kişilərə məxsusdur”.

Psixoloq Ülviyyə Murtuzova isə fərqli fikirdədir:

“Bu, bir insanın fərdi düşüncəsinə söykənir. Səslənən fikri ümumiləşdirmə kimi götürmək doğru deyil. Bu fikir qadınların uğurlarını qəbullanmamanın göstəricisidir. Ola bilsin ki, həyatında uğursuz, yaxud da özünü daim kişilərdən üstün görən qadınların çağırışını çox müşahidə etdiyi üçün həmin təəssürat yaranıb. Ancaq reallıqda bu fikri etalon kimi ümumiləşdirmək doğru deyil. 

Təbii ki, qadınlar fiziki cəhətdən geridir. Lakin qadınların həyatı tənzimləmə mexanizmləri bəzi parametrlərdə bəylərdən öndədir. Qadınların analıq hissini tərənnüm etmələrinə nə deyək? Bu mövzuda da qadınlar birmənalı kişilərdən öndədir. Ona görə də mənə elə gəlir ki, bu, öz ayaqları üzərində dayanan, uğurlu qadınları qəbullanmamaq məsələsidir. Bunun başqa bir adı yoxdur”.
 

Məhərrəm Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO