Elektron qolbağı çıxaran məhkumları hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA 

Elektron qolbağı çıxaran məhkumları hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Elektron qolbağı çıxaran məhkumları hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA 

176293

Azərbaycanda məhbuslara inzibati tənbeh və ictimai işlərə cəlb etmək üçün elektron nəzarət sistemi həyata keçirilir. Bu proses elektron qolbaqlar vasitəsilə reallaşır. 

Maraqlıdır, elektron qolbaq taxılan məhkumlar necə izlənir? Məhkumlar arasında bu qolbağı çıxarmağa cəhd edənlər olurmu? 

Ədliyyə Nazirliyinin Probasiya xidməti mövzu ilə bağlı Bizim.Media-nın sorğusunu cavablayıb.

Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində Elektron Monitorinq İdarəsi fəaliyyət göstərir: 

“Elektron Monitorinq İdarəsi məhkəmənin qərarı ilə elektron nəzarət vasitəsinin tətbiq edilməsi nəzərdə tutulan şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, azadlığın məhdudlaşdırılması və ictimai işlər cəzasına məhkum edilmiş, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş nəzarət subyektlərinə elektron sistem vasitəsi ilə izlənilməsini həyata keçirir. 

Ölkəmizdə ilk dəfə olaraq azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, məhkəmənin qərarı ilə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqinə 2018-ci ilin may ayından etibarən, ictimai işlər üçün tətbiqinə isə 2021-ci ilin əvvəllərindən başlanılıb. Elektron nəzarət vasitələrinin tətbiq olunduğu vaxtdan bugünədək 20 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq olunub.

Elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərinə bağlanılmamışdan əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalı, sanitariya normalarına uyğun işlənilməlidir. 

Elektron nəzarət vasitələri dedikdə aşağıdakılar nəzərdə tutulur:

1. Elektron qolbaq

2. Mobil nəzarət qurğusu

3. Ev nəzarət stansiyası  (tətbiq olunmur)

4. Ev siqnal ötürücüsü

Elektron qolbaq – nəzarət subyektinin ayağına topuğun əyilmə yerindən yuxarıda elastik kəmər və birdəfəlik pərçim vasitəsilə kilidlənir. Elektron qolbaq nəzarət subyektinin ayağına bağlandıqdan sonra işə salınır. 
 
Mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. 

Ev siqnal ötürücüsü – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır”. 

Proses hansı formada reallaşır?

“İcra məmuru (probasiya üzrə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.04.2018-ci il tarixli 144 nömrəli qərarının 4-ci bəndinə əsasən, məhkuma tətbiq olunacaq elektron nəzarət vasitəsinin növünü müəyyən edir, elektron nəzarət sistemində yeni nəzarət subyektinin fərdi identifikasiya nömrəsini, soyadını, adını, atasının adını, doğum tarixini, eyniləşdirmə nömrəsini, quraşdırılacaq cihazların seriya nömrələrini, məhdudlaşdırma şərtlərini və onlardan asılı olaraq tələb olunan digər məlumatları elektron nəzarət sisteminə daxil edir. 

Bundan sonra icra məmuru (probasiya üzrə) nəzarət subyekti ilə birgə onun məhkəmənin qərarında göstərilən yaşayış yerinə gedərək, “məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.04.2018-ci il tarixli 144 nömrəli qərarının 5-ci bəndinə əsasən elektron nəzarət vasitəsini tətbiq edib onun aktivləşdirilməsi üçün elektron monitorinq mərkəzinə elektron sorğu göndərir. 

Elektron nəzarət vasitəsinin tətbiqinin təşkili üzrə işlər yekunlaşdıqdan sonra icra məmuru (probasiya üzrə) bu barədə protokol tərtib edir. Yuxarıda qeyd edilən proseslər bitdikdən sonra nəzarət subyekti Probasiya Xidmətinin Elektron Monitorinq Mərkəzində izləmə sessiyasına başlanılır.
Respublikası Nazirlər Kabinetinin 10.04.2018-ci il tarixli 144 nömrəli qərarının 6-cı bəndinə əsasən nəzarət subyektinin izlənilməsi monitorinq mərkəzinin dispetçerləri tərəfindən həyata keçirilir və izləmə real vaxt rejimində aparılır. Eyni zamanda icra məmuru (probasiya üzrə) nəzarət subyektinin izləmə məlumatlarını yerli probasiya qurumunda quraşdırılmış işçi stansiyalar vasitəsilə real vaxt rejimində tam həcmdə əldə edir”.  

Qeyd edilib ki, izləmənin ilk 72 saatı ərzində nəzarət subyekti barədə daxil olan bütün informasiya vizuallaşdırılır və dispetçerlər onu nəzarətdə saxlayır: 

“Bu müddətdə hər hansı pozulmanın qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq, dispetçerlər hər 24 saatdan bir nəzarət subyekti ilə səsli əlaqə saxlayır, elektron nəzarət vasitələrinin texniki vəziyyəti, daxil olan xəbərdarlıqlar və bununla bağlı baş verən digər hallar barədə məlumat alır, yaranmış çətinliklərin həlli üçün tövsiyələr verir, hər bir zəng barədə qeydiyyat aparırlar. İzləmənin ilk 72 saatı bitdikdən sonra dispetçer bu müddətdə qeydiyyata alınanlar barədə hesabatı informasiya sistemi vasitəsilə məsul icra məmuruna (probasiya üzrə) ötürür. 

İcra məmuru (probasiya üzrə) hesabatla tanış olur və orada hər hansı pozulmanın qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq, növbəti 24 saat ərzində nəzarət subyekti ilə görüşür, elektron nəzarət vasitələri evində quraşdırılıbsa, onun evinə baş çəkir və avadanlığın texniki vəziyyətini öyrənir. Onlayn rejimdə izləmə və baş çəkmə nəticəsində izləməni mümkünsüz edən hər-hansı bir problem aşkar olunmadıqda nəzarət avtomatlaşdırılmış rejimdə davam edir. 

Avtomatlaşdırılmış izləmə rejimində daxil olan izləmə məlumatları proqram təminatı tərəfindən fasiləsiz təhlil edilir və yalnız pozuntu aşkar edildikdə bu barədə pozuntunun təfərrüatlı təsviri ilə dispetçerə xəbərdarlıq siqnalı daxil olur və pozuntuya yol verən nəzarət subyektinin izləmə məlumatları vizuallaşdırılır.

Pozuntu aşkar olunduğu halda dispetçer göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri həyata keçirir:

Baş verən hadisə, habelə onun aradan qaldırılması üçün görülməli olan işlər barədə nəzarət subyektinə informasiya sistemi vasitəsilə məlumat ötürür;

Pozuntu 15 dəqiqə ərzində aradan qaldırılmadıqda nəzarət subyekti ilə səs əlaqəsini yaradaraq baş verən hadisə və onun aradan qaldırılması üçün görülməli olan işlər barədə məlumat verir;

Əlaqə yaratmaq mümkün olmadıqda dispetçer növbəti 60 dəqiqə ərzində bu cəhdi hər 5 dəqiqədən bir təkrarlayır;

Pozuntu aradan qaldırılmadıqda və ya nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda məsul icra məmuruna (probasiya üzrə) hadisə barədə məlumat verir və elektron sistem vasitəsilə onun aradan qaldırılması üçün görülən işləri əhatə edən hesabatı müvafiq işçi stansiyalara ötürür.
Pozuntu aşkar olunduğu halda məsul icra məmuru (probasiya üzrə) göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri həyata keçirir:

“Hadisə barədə məlumatı aldıqdan sonra dərhal nəzarət subyekti ilə telefon vasitəsilə və ya yaşadığı yerə gedərək əlaqə saxlamağa cəhd göstərir;

Nəzarət subyekti ilə əlaqə saxladığı təqdirdə, hadisənin aradan qaldırılması və izləmənin normal rejimdə davam etdirilməsi üçün tədbirlər görür;

Hadisənin səbəblərini öyrənərək bu barədə məlumatı hadisənin üzrlü səbəbdən baş verməsini sübut edən sənədlər olduqda isə həmçinin onların skan versiyasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə daxil edir;

Nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda onun axtarışı üzrə tədbirlər görür.

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda icra məmuru ona töhmət növündə tənbeh verir. Tənbeh tədbiri yazılı şəkildə əsaslandırılmış qərarla verilir.

Məhkum, məhkəmə ilə üzərinə qoyulmuş vəzifələri (müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etdikdə, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə və sair)  pozduqda bu cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir və cəzasını daha ağır cəza növü ilə əvəz edilməsi barədə məhkumun yaşayış yeri üzrə müvafiq məhkəməyə təqdimat verir”.

Məlumatda vurğulanıb ki, izləmə şərtləri Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.3-51-3.6-cı maddələrində nəzərdə tutulmuş hallarda və qaydada dəyişdirilir.
Məhkuma təyin edilmiş cəza müddəti bitdikdə və ləğv edildikdə nəzarət subyektinə tətbiq edilmiş elektron nəzarət vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.04.2018-ci il tarixli 144 nömrəli qərarının 8-ci bəndinə əsasən icra məmuru (probasiya üzrə) tərəfindən birdəfəlik çıxarılır. Çıxarılmış elektron nəzarət vasitələrinin texniki vəziyyəti qiymətləndirilir və avadanlıq bərpa olunması və digər nəzarət subyektinə bağlanılması məqsədi ilə hazırlanması üçün aidiyyəti üzrə təhvil verilir”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO