Arıqlama çaylarının QORXUNC FƏSADLARI

Arıqlama çaylarının QORXUNC FƏSADLARI

Hazırda oxunan: Arıqlama çaylarının QORXUNC FƏSADLARI

153752

“Arıqlama çayları və ya həbləri bitki mənşəli olsa da, istehlakçıları aldatmaq üçün hazırlanmış “məhsul”lardır. Bitki mənşəli olmaları, bunların zərərsiz və faydalı olmaları anlamına gəlməməlidir. Bitki tərkibli olan hər məhsula da faydalı və orqanik kimi yanaşmaq lazım deyil. Əgər bunun həqiqətən də bitki tərkibli olmasını öyrənmək istəyirlərsə, o zaman keyfiyyət və nəzarət sertifikatını, eləcə də satışa icazə sənədlərini tələb etmək vacibdir”.

Bu sözləri Bizim.Media-ya açıqlayan qida mütəxəssisi Məhsəti Hüseynova fikrincə, hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, yan təsirləri də olur:

“Əgər belə çaylar arıqlamağa səbəb olursa, bu, orqanizmin təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir. Bəzi hallarda maddələr mübadiləsini sürətləndirir və qusma, ishal kimi halları yaradır ki, bu da vitamin və mineralların bədəndən yuyulub getməsi, o cümlədən bağırsaq mikro-florasının pozulması ilə nəticələnir”. 

Bu çayların həm də immun çatışmazlığının və avto-immun xəstəliklərinin yaranmasına səbəb olduğunu deyən M.Hüseynovanın sözlərinə görə, onları kor-koranə, həkim nəzarəti olmadan qəbul etmək olmaz:

“Ona görə ki, bədəndə anoreksiya yaradır, ctamin və mineral çatışmamazlığı əmələ gətirir. Bu da saçların tökülməsinə, dırnaqların qırılmasına, dəridə səpgilərin əmələ gəlməsinə, mədədə müəyyən problemlərə və daxili orqanların funksiyasının pozulmasına səbəb olur. Həmçinin, vitamin və mineral, immun çatışamamazlığı, qan azlığı kimi problemlər, xərçəng, diabet xəstəlikləri yaradır, bəzən də mədəaltı vəzi sıradan çıxarır”.

Ekspert bu məhsullardan əsasən gənc qadınların formada qalmaq üçün istifadə etdiyini bildirib:

“Əsasən də hamiləlik dövründə olan qadınlar bunlardan yararlanırlar. Bu da sonda orqanizmin zədələnməsinə və ana bətnində olan uşağın xəstə dünyaya gəlməsinə gətirib çıxarır”. 
Bu məhsulların əsasən reklamlar sayəsində evlərə daxil olduğunu deyən mütəxəssis qeyd edir ki, onların harada və hansı müəssisə tərəfindən istehsal olunduğu bilinmir:

“Hətta istehsalçı şirkət haqqında hansısa bir məlumatda qablaşdırmada əks olunmur. Bunlarla bağlı sadaladığımız hallar baş verdikdə isə, insanlar hara və kimə müraciət edəcəklərini bilmirlər. Bu məhsulların reklamı üçün əsasən blogerlərdən, müğənnilərdən və modellərdən istifadə olunur.
Hətta bəzən süni və əməliyyat yolu ilə arıqlayan və ya estetik müdaxiləyə məruz qalmış tanınmış simalardan istifadə etməklə istehlakçıları aldatmağa çalışırlar”.

Müsahibimiz sonda istehlakçılara bəzi tövsiyələrini də çatdırıb:

“Əgər bədən çəkinizi və orqanizmi normada saxlamaq istəyirsinizsə, mütləq sağlam qidalanmağa, gündəlik həyat tərzinizə, yuxu rejiminizə və fiziki aktivliyinizə diqqət etməlisiniz.

Yalnız bu yollarla sağlam qala və çəkinizi qoruya bilərsiniz. Qalan digər vasitələr isə insan orqanizminə süni müdaxilə olduğu üçün fəsadları da olacaq. 

İnsanlar daha çox tənbəlliyə və rahatlığa meyl olduqları üçün bu cür reklamlara aldanırlar. Bir şeyi də nəzərə alın ki, əgər süni yollarla çəkinizi çox qısa müddətdə aşağı salmaq istəyirsinizsə, o zaman bilin ki, bu, birbaşa əzələ itkisinə və dəri sallanmasına səbəb olur ki, bunlar da sonda qarşısı alınmaz problemlərə gətirib çıxardır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO