Novruz Xonçası nə üçündür? – İlaxır çərşənbənin adətləri

Novruz Xonçası nə üçündür? – İlaxır çərşənbənin adətləri

Hazırda oxunan: Novruz Xonçası nə üçündür? – İlaxır çərşənbənin adətləri

14872

İlaxır çərşənbə və ya axırıncı çərşənbə Novruzun sonuncu xəbərçisidir. Bu çərşənbəyə Baharın sonuncu elçisi, torpaq çərşənbəsi də deyilir. Sonuncu çərşənbə də təbiət oyanır, ətraf aləm canlanır.

Bu çərşənbənin bir neçə adəti var. Adətlərə görə, çərşənbə axşamı plov dəmlənər, süfrəyə müxtəlif bayram şirniyyatları qoyular, xonçalar qurular.  

Bundan başqa xonçaları bayramın əsas atributlarından sayılan boyanmış yumurtalar da bəzəyər. Bu günün əsas bəzəyi isə Novruzun tacı səmənidir. 

Qədim zamanlarda analar, nənələr səməni qoymaqda bir-biri ilə adətən yarışa girirdilər. Səməninin bir gəlin kimi belinə qırmızı lent bağlanması isə ona xüsusi gözəllik verir. Səmənidən başqa vəzəri tumu da göyərdərlər.

Azərbaycanın bəzi ərazilərində, xüsusilə Naxçıvan, cənub bölgələrində bu günü Novruz bayramından da təntənəli şəkildə qeyd edirlər. 

Axır çərşənbəyə bir neçə gün qalmış evlər xüsusilə təmizlənər, köhnə əşyalar atılar. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək insana uğur gətirər. 

İlaxır çərşənbədə şəkərbura, paxlava, qoğal düzülən xonçaları mütləq şəkildə şamlar bəzəməlidir. Bu zaman evin hər sakinin adına bir şam yandırılar. Əfsanələr görə şam yanan evə firavanlıq nəsib olar. Şam həm də hər zaman evdə ocağın yanmasına, bol ruzinin olmasına dəlalət edir.

Axır çərşənbənin digər rəmzi süfrələrin şahı plovdur. Deyimlərə görə, düyü bərəkət rəmzi olduğu üçün bununla həmin süfrəyə bərəkət gətirir. 

Ta qədimdən bu gün vəfat edən doğmalar yad edilər, onların məzarları ziyarət edilər, adlarına yemək bişirilərdi.

Bu günlə bağlı olan adətlərdən biri də səməni xonçası hazırlayıb, bütün evləri gəzərlər, evində qara bayram olan və ya bayramı qeydə edə bilməyənləri bu xonçaya qonaq edərlər. Bundan başqa, evində qazanı qaynamayan kasıb insanların evlərinə bayram nemətləri aparmaq da Novruzun gözəl adətlərindəndir. 

Bəzi bölgələrdə süfrəyə plovla bərabər balıq da qoyulur. Bu da bol ruzi, bərəkət rəmzi sayılır. 

Bu günün maraqlı adətlərindən biri də papaqatma mərasimidir. Qədim zamanlarda cavan oğlanlar, yeniyetmə uşaqlar bacadan qurşaq sallayardılar. Qızlar isə bu qurşağı cürbəcür bayram şirniyyatları və digər bayram nemətləri ilə doldurardılar. Müasir dövrdə qurşaq sallama adəti yerini papaqatma mərasiminə verib.

Bu zaman oğlan uşaqları qapı-qapı gəzib papaq atarlar ki, ev yiyəsi onların papaqlarına bayram sovqatı doldurub, onların bayram payını versin.

İlaxır çərşənbənin özünə məxsus müxtəlif falları ilə də seçilir. Həmin günü qızlar qapı pusmaya çıxarlar. Ona görə də bu gün insan gərək pis söhbətlər etməsin, yoxsa qapı pusanı naümid geri qaytararlar. 

Cavan qızlar duzlu kökə bişirib yarısını yeyib, digər parasını isə başlarının altına qoyarlar. İnanclara görə, gecə yuxuda qıza su verən oğlan onun gələcək taleyi sayılır. 

Daha bir inanca görə, bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq.

Ulduz - iynə falı da İlaxır çərşənbənin məşhur fallarındandır. Bunun üçün su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar.

Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərin həyata keçməməsi deməkdir.

İlaxır çərşənbə də küsülülər barışar, gözü yolda qalanlar muradına çatar. 

Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu təntənəli, sevinc, bol bərəkət içində qeyd edirlər.

Arzularınızın hər zaman çin olması arzusi ilə...
Bayramınız mübarək!

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO