Bu günlərdə Türkiyədəki qanlı terror və Ərdoğan hakimiyyəti ilə bağlı yazıma olan münasibət bir daha, qısa da olsa, bu mövzuya müraciət etməyimi labüd etdi.
Bəzi yazılardakı, ünvanıma olan təhqirlər həmin şəxslərin cahilliyindən və tərbiyəsindən xəbər verdiyindən ona toxunmuram. Məni hədələyənlərə cavabım isə odur ki, ağıllları özlərinə getməsin, bu hədələri illərdir hakimiyyətdən eşidirəm və artıq buna heç fikir də vermirəm. Məni bəzən Allahsız, dinsiz, ateist adlandıranlara isə bildirirəm ki, Azərbaycanda insanları, var dövlət yığmaq üçün, zəlil günə salıb yığdıqları rüşvət hesabına üçqat, beşqat, 25 qat hacılardan, məşədilərdən, kərbəlayilərdən fərqli olaraq bütün varlığımla Uca Allaha inanıram.
Yenə sadaladıqlarımdan fərqli olaraq insanlara etdiklərim xoş əməlləri Uca Allahımdan qorxduğuma görə yox, sevdiyimə görə edirəm. Sadəcə mən Allahımla özüm arasında şeyxləri, mollaları, hacıları vasitəçi kimi görmək istəmirəm. Əminəm ki, Uca Allahın yaratdıqları ilə münasibətdə araçılara heç bir ehtiyacı yoxdur. Təvəzökarlıqdan uzaq olsa da qeyd edirəm ki, hakimiyyət təmsilçiləri Fatimeyi Zəhra məscidini söküb yerində obyekt tikmək istəyərkən bəzi dinşüvənlər qorxularından gizlənəndə sona qədər buna qarşı mübarizə aparmışam. İnsanlara münasibətim isə onların dininə, millətinə, irqinə görə yox, ancaq əməllərinə görə olub. Dini mövzuda yazmamışam və yazmaq da fikrim yoxdur. Özü də qorxduğuma görə yox, sadəcə bu sahədə mütəxəssis olmadığıma görə. Bunu ona görə qeyd etdim ki, son dövrlər bu mövzu barədə danışanda əksəriyyət mövzunun çox təhlükəli olduğunu bildirdi.
Özü də hamı qeyd edir ki, bu təhlükə addımbaşı, yeri oldu olmadı Uca Allaha, İslam dininə məhəbbətdən danışanlar tərəfindən gələ bilər. Bu halın özü mənim üçün çox üzücüdür. Hesab edirəm ki, dünyaya çox sayda elmi, əxlaqi, mənəvi dəyərlər bəxş etmiş İslam dininin daşıyıcıları bu addımları ilə elə ən böyük zərbəni mənsub olduqları dinə vururlar. Xüsusilə bu gün islamşünaslar insanlar arasında fikir azadlığının vacib olduğunu hər yerdə vurğulamalıdırlar. Sərbəst, ehtiyat etmədən fikirlərini ifadə edə bilməyən vətəndaş heç vaxt nə özünə, nə ətrafına, nə dininə, nə də Vətəninə fayda verə bilməz.
Bu yazımda məqsədim bir daha hər birimizi din pərdəsi altında başımızın üstünü alan qara buludlar barədə xəbərdar etməkdir. Yanıma onlarla insan gəlib balalarının hansısa dini cərəyənlar vasitəsi ilə ölkəni tərk etmələrini söyləyiblər. Həmin şəxsləri dinlədikcə az qala insanın ürəyi partlasın. Bu günə gördüyüm odur ki, hakimiyyət ya bu təhlükəni görmür, ya qarşısını ala bilmir, yaxud da bu vəziyyətdə maraqlıdır. Hakimiyyətin bu sahədə hansısa maarifləndirici əməllərini də görməmişəm. Etdikləri yalnız cibə narkotik vasitələr atmaqla insanların həyatını ləkələyib sındırmaqdır. Bu cür haqsızlıq görən insanlar isə islah olunmaq əvəzinə daha da radikallaşırlar və baş verənlər cəmiyyətdə əks effekt yaradır. Heç kim şübhə etməsin ki, bu gün Azərbaycandan Suriyaya gedənlər bir gün Vətənə qayıdanda bizdə də Türkiyədəki hadisələr baş verməyəcək.
P.S. Yəqin çoxlarınız görürsünüz ki, təhsilimizin məhv olduğu, xarabaya çevrilən məktəblər fonunda dəbdəbəli məscidlərin tikilməsi artıq bir normaya çevrilib. Bu fikri əsla məscidlərin tikilməsinin əleyhinə qəbul etməyin. Sadəcə belə dəbdəbəli bir məscidin əvəzinə onlarca sadə məktəb və məscid tikmək olar.
Aslan İsmayılov, tanınmış hüquqşünas






































































































