Hövsan qəsəbəsində təcili yardım PROBLEMİ – 85 min sakinə cəmi iki maşın xidmət edir

Hövsan qəsəbəsində təcili yardım PROBLEMİ – 85 min sakinə cəmi iki maşın xidmət edir

Hazırda oxunan: Hövsan qəsəbəsində təcili yardım PROBLEMİ – 85 min sakinə cəmi iki maşın xidmət edir

111911

Bakıətrafı qəsəbələrə təhkim olunan təcili tibbi yardım maşınlarının çağırışlara gecikməsi yenidən aktuallaşıb. İctimaiyyətdə dəfələrlə bununla bağlı məsələyə toxunulsa da, aidiyyəti qurumlar təcili tibbi yardım maşınlarının ərazilərə bölünməsinin əhali sayına uyğun həyata keçirildiyini əsas gətirir.

Həkim-ekspertlər isə səbəbi təcili tibbi yardım maşınlarının sayının azlığı ilə əlaqələndirirlər.

Növbəti belə bir şikayət Suraxanı rayonu Hövsan qəsəbəsindən gəlib.

Bizim.Media-ya müraciət edən qəsəbə sakininin sözlərinə görə ötən gecə saat 01:14-də 72 yaşlı xəstə üçün təcili tibbi yardıma müraciət ediblər. 45 dəqiqə keçdikdən sonra təcili yardımla bir daha əlaqə saxlanılıb.

Xanım operator hazırda həkimin başqa bir çağırışda olduğunu, bitəndən sonra zəng olunan ünvana göndəriləcəyini bildirilib. Beləliklə 02:22-də təcili yardım nəhayət ki, çağırışa çata bilib. 
Şikayətçi təcili yardımın çağırışa vaxtında yetişə bilməməsindən gileylənib:

“Xəstəmiz ağrıdan qovrulurdu. 1 saat 10 dəqiqə sonra təcili yardım gələr? Onda bunun nəyi təcili yardım oldu? Hələ utanmaz-utanmaz telefonda deyirlər ki, həkim çağırışdadır, bitsin, göndərəcəyəm. Məgər başqa həkim və ya maşın yoxdur? Hansı zamanda yaşayırıq? Ucqar kənddə də deyilik ki, deyim maşın yolda ilişib, qalıb. Ya maşın və ya həkim yoxdur, ya da gecə növbəsində işləyənlər məsuliyyətsizlik edir”.

Məsələ ilə bağlı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından hər hansı cavab ala bilmədik.

Əldə etdiyimiz məlumata görə 85 mindən çox əhalisi olan qəsəbədə yalnız 2 təcili tibbi yardım maşın fəaliyyətdədir. Həmçinin təcili tibbi yardıma cəlb edilən həkimlərin sayının da az olduğu bildirilir.

Rəsmi qurumların açıqlamasına görə hər ərazi üzrə əhali sayına uyğun təcili tibbi yardım briqadası ayırılıb. Təcili yardım briqadası faktiki qeydiyyatda olan əhalinin sayına görə hesablanır.
Qeyd edək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov indiyədək tibb müəssisələrinin 909 təcili tibbi yardım avtomobili ilə təmin edildiyini bildirib.

Qurum rəsmisi yaxın gələcəkdə təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin ediləcəyinin nəzərdə tutulduğunu bildirib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO