Şəkidən sual kimi ŞİKAYƏT: AAYDA yolların təmirinə niyə qışda başlayır?

Şəkidən sual kimi ŞİKAYƏT: AAYDA yolların təmirinə niyə qışda başlayır?

Hazırda oxunan: Şəkidən sual kimi ŞİKAYƏT: AAYDA yolların təmirinə niyə qışda başlayır?

111092

Bakıdan Şəkiyə kimi düpədüz asfalt yolla gedirsən heç yorulmursan, amma Şəkidən Şəkiyə getmək üçün min cür əzab-əziyyət çəkirsən, vaxtın da gedir, canın da. Rayonda əksər kənd yollarının vəziyyəti bərbaddır.

Yəni “kənddi” deyib, burada yolların alabaşına-külbaşına təmir edilməsi bir növ adət halındadır. Sakinlər də il 12 ay şikayətçidirlər.

Düzdür payız aylarından başlayaraq ölkənin avtomobil yollarında cari təmir işləri aparılır. Bura əsasən yol nişanlarının yenilənməsi, sökülən asfaltların təzələnməsi, orta və yan xətlərin çəkilməsi ya da bərpası işləri daxildir. Amma bu işin də niyə soyuqlar düşəndə aparılması sirri-xudadır! 
Sonuncu şikayət Bizim.Media-ya  Şəkinin Vərəzət və Baş Zəyzid kənd sakinləri tərəfindən daxil olub.

Vərəzət və Baş Zəyzid kənd sakinlərinin istifadə elədiyi bu yolda cari təmir işləri yarı-yarımçıq aparılıb. Belə ki, orta xətt yarıda tamamlanır, bundan yuxarı kəndin 3 km-lik hissəsi yarı-yarımçıq qalıb. Təmir olunan hissə isə birinci yağı-qardan sonra çuxurlara boy verir. 

Şəki-Oğuz yolundan 5 km-lik məsafədə yerləşən Vərəzət və Baş Zəyzid kənd sakinlərinin gündəlik istifadə etdikləri yol 1988-ci ildə inşa olunub. Əlbəttə ki, yol istismar müddətini başa vurub. Dekabrın ilk günləri Avtomobil Yolları dövlət Agentliyinin Şəki yol istismar sahəsi yolda cari təmir işlərinə başlasa da yarıda saxlayıb.

Kənd sakini Kamal Salmanovun sözlərinə görə bu həmin dövrə təsadüf edirdi ki, gündüz yağış, axşam isə qar yağırdı:

“Hazırda bu yoldan 10 min nəfər insan istifadə edir. İki kəndin yoludur-Vərəzət və Baş Zəyzidin. Yolların yuxarısı pis gündədir, cari təmir aparıblar, yarıya kimi xətlənib. Qışda bir az çən duman olanda maşın sürmək olmur. Bütün sürücülər zülm çəkir, yolun kənarında bir yol nişanı, işarə belə yoxdu, xətt də yarıya kimi aparılıb. Hər yeri bir balaca asfatla gözdən pərdə asmaqdan ötrü yamayıblar vəssalam”.

Digər kənd sakini Ramiz Yunusov diqqətimizi görülən işin keyfiyyətsizliyinə cəlb edir.

“2,5 km əsas yol kəndin girişindədir, kəndin içindədir. İndi bunu təmir eləyitdilər, noolar, başa kimi edəydilər ki, camaat rahat gedib-gələydi. Adam deməyə də utanır ki, yarı-yarımçıq təmir olan şey dööl. Eləyillər birdəfəlik eləsinlər, biz də rahat gedib-gələ bilək. Habu nədi, təzə asfalt qoyulan yolda da çuxur olar?”. 

Kənd sakinlərinin haqlı narazılığını Şəki rayon icra hakimiyyəti rəhbərliyinin də diqqətinə çatdırıb onların da münasibətini öyrənməyə çalşdıq. Müraciət etdiyimiz mənbələr səsimizi dinləsələr də kimsə üzə çıxmayınca üz tutuduq AAYDA-ya.  
 

Qurumun nümayəndəsi Anar Nəcəflinin sözlərinə görə hava şəraiti ilə əlaqədar cari təmir işləri saxlanılıb.

Kənd yolundakı vəziyyətin nəzarətdə saxlandığını bildirən sözçü hava şəraiti imkan verən kimi yolun qalan hissəsində də cari təmirin başa çatdırılacağını bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO