Qələbədən quruculuğa: Azərbaycanın birlik və sülh xətti

Qələbədən quruculuğa: Azərbaycanın birlik və sülh xətti

Hazırda oxunan: Qələbədən quruculuğa: Azərbaycanın birlik və sülh xətti

637014

Bu gün dünyada baş verən proseslər bir həqiqəti hər dəfə yenidən sübut edir: dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə və hərbi potensialla ölçülmür. Güclü dövlət həm də öz dəyərlərini qoruyan, dostlarını və tərəfdaşlarını bir araya gətirə bilən, çətin dövrlərdə mövqeyini itirməyən dövlətdir. Azərbaycanın son illər Türk dünyası və İslam aləmi ilə münasibətlərində göstərdiyi fəallığı da məhz bu prizmadan dəyərləndirilməlidir.
 

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi sıradan bir protokol tədbiri çərçivəsinə sığmır. Burada söhbət təkcə dini liderlərin görüşündən getmir. Söhbət bizi birləşdirən tarixi yaddaşın, mənəvi dəyərlərin və ortaq məsuliyyətin bir daha gündəmə gətirilməsindən gedir.


Azərbaycanın bu prosesdəki mövqeyi kifayət qədər aydındır: bölünmək yox, birləşmək; qarşıdurmanı dərinləşdirmək yox, dialoq üçün yeni imkanlar yaratmaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dini liderlərin sülhə, əməkdaşlığa və əmin-amanlığa çağırışları cəmiyyətlər üçün mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif nöqtələrində qarşıdurmaların dərinləşdiyi bugünkü şəraitdə isə belə çağırışların çəkisi əvvəlkindən qat-qat artır.

Azərbaycanın İslam həmrəyliyinə münasibəti yalnız bəyanatlarla məhdudlaşmayıb.

2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, onlarla beynəlxalq dini və mədəni tədbir, Bakıda mütəmadi keçirilən Dünya Dini Liderlərinin Sammitləri və Beynəlxalq Humanitar Forum çərçivəsindəki Multikulturalizm üzrə Beynəlxalq Forumlar, gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi — bunların hər biri təsadüfi addım deyil, illər boyu qurulan ardıcıl bir xəttin halqalarıdır.

Azərbaycanın əsas xüsusiyyətlərindən biri müxtəlif platformaları bir araya gətirmək və onları real əməkdaşlıq imkanlarına çevirmək istiqamətində təşəbbüslər göstərməsidir. Bakının dini liderləri və mədəniyyətlərarası dialoq təşəbbüskarlarını mütəmadi olaraq bir araya gətirməsi ölkənin təkcə İslam dünyası ilə deyil, bütövlükdə qlobal dini-mədəni müxtəliflik məkanı ilə əlaqələrini institutlaşdırdığını göstərir.

Bu yanaşmanı Qarabağ məsələsindən ayrı təsəvvür etmək mümkün deyil.

Azərbaycan uzun illər davam edən münaqişəni hərbi yolla başa çatdırdıqdan sonra qarşısında yeni bir məsələ qoydu: qələbəni davamlı sülhə və quruculuğa çevirmək. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri göstərir ki, Azərbaycanın məqsədi yalnız azad edilmiş ərazilərə qayıtmaq deyil, orada yeni həyat qurmaqdır.
 

Bu mənada məscidlərin bərpası prosesin ən mənəvi qatını təşkil edir. Ağdam məscidindən başlanılan və artıq bir sıra məscidlərin bərpası ilə davam edən işlər göstərir ki, Azərbaycan öz tarixi və dini irsinə yalnız keçmişin yadigarı kimi yanaşmır.


Bu gün Azərbaycan Ermənistanla sülh gündəliyini israrla irəli aparır. Uzun illər davam edən qarşıdurmadan sonra regionun gələcəyini müharibə deyil, əməkdaşlıq müəyyən etməlidir. Bununla belə, tarix unudulmamalıdır. Xocalı faciəsi, dağıdılmış şəhərlər, viran qalmış məscidlər yaddaşımızda diri qalmalıdır.

Lakin yaddaşı qorumaqla gələcəyə baxmaq bir-birinə zidd deyil.

Bu kontekstdə Türk dünyası ilə İslam aləminin daha sıx birlikdə hərəkət etməsi Azərbaycanın regional siyasəti üçün çox dəyərli bir imkan yaradır. Çünki birlik yalnız çətin günlərdə bir-birinin yanında olmaq demək deyil. Birlik həm də sülh dövründə birgə düşünmək, iqtisadi və humanitar əlaqələri genişləndirmək, mədəni irsi qorumaq və gələcəyə ortaq baxış formalaşdırmaqdır.
 

Azərbaycanın qarşıdakı dövrdə də bu birliyin möhkəmlənməsinə, regionda sülh və əməkdaşlıq mühitinin genişlənməsinə öz payını verməsi son dərəcə vacibdir. Çünki ortaq dəyərlər ətrafında birləşən, bir-birinə dayaq olan dövlətlər və xalqlar qarşısında daha geniş imkanlar açılır.


Bugünkü reallıq bir daha göstərir ki, birlik sadəcə gözəl bir siyasi şüar deyil — dövlətlər və xalqlar üçün strateji zərurətdir. Azərbaycanın Türk dünyası və İslam aləmi ilə münasibətlərdə tutduğu xətt də məhz bu reallığa əsaslanır: ortaq dəyərləri qorumaq, birliyi gücləndirmək və sülhə sahib çıxmaq.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, İqtisad elmləri doktoru, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO