Məktəblərin girişində yoxlama cihazları quraşdırıla bilər – YENİ TƏKLİF

Məktəblərin girişində yoxlama cihazları quraşdırıla bilər – YENİ TƏKLİF

Hazırda oxunan: Məktəblərin girişində yoxlama cihazları quraşdırıla bilər – YENİ TƏKLİF

636815

Ötən tədris illində məktəbli yeniyetmələr arasında müxtəlif zorakılıq halları, o cümlədən bıçaqlanma hadisələri və hətta odlu silahdan istifadənin şahidi olduq. Bu cür hadisələr həm şagirdlərin təhlükəsizliyi, həm də onların davranış problemlərini yenidən gündəmə gətirir.

Bəs yeni tədris ilində belə halların təkrarlanmaması üçün məktəblərdə hansı qabaqlayıcı tədbirlər görülməlidir?

Məsələnin psixoloji tərəfi ilə bağlı Bizim.Media-ya danışan psixoloq Aytən Ələkbərova hazırda uşaqlarda kriminal davranışa meyilliyin müşahidə olunduğunu qeyd edir.

O, vurğulayır ki, buna onların baxdıqları filmlər, sosial şəbəkələrdə, o cümlədən TikTok-da qarşılarına çıxan müəyyən məzmunlar da təsir edə bilər. Belə hallarda uşaqlar özlərini qəhrəman kimi görə, “mən hər şeyin öhdəsindən gələ bilərəm” düşüncəsi ilə bu cür addımlar ata bilərlər. Psixoloqun sözlərinə görə, şagirdlərin psixoloji vəziyyətinin vaxtında müəyyənləşdirilməsi və onlarla mütəmadi iş aparılması önəmlidir:

 

“Uşaqlarla aparılan müxtəlif metodik çalışmalar var və bunların məktəblərdə sistemli şəkildə həyata keçirilməsi vacibdir. Məktəb fəaliyyətə başladığı ilk gündən uşaqların daxili dünyasının və ruh halının aşkara çıxarılması istiqamətində müəyyən işlər aparılmalıdır. Söhbətlər, metodik çalışmalar, bəzi hallarda isə art-terapiya vasitəsilə uşaqların psixoloji vəziyyətinə təsir edən məqamları müəyyən etmək mümkündür”.

 

Burada əsas iş məktəb psixoloqunun üzərinə düşür

A.Ələkbərova bildirir ki, bəzən məktəblərdə baş verən hadisələr zamanı günahkar olaraq yalnız hadisəni törədən yeniyetmə görülür.

Lakin şagirddə aqressiyanın hansı səbəbdən yarandığını və onu həmin vəziyyətdən necə çıxarmağın mümkün olduğu barədə düşünülmür:

“Belə hallarda valideynlər çox vaxt özləri psixoloqa müraciət edə bilmirlər. Maddi baxımdan onların da üzərinə müəyyən yük düşür. Xüsusilə 9-cu, 10-cu və 11-ci siniflərdə hazırlıqların olması valideynlərin maddi yükünü artırır və bu səbəbdən psixoloji dəstək almaq mümkün olmaya bilər.

Yaxşı olar ki, məktəb direktorları bu məsələdə özləri aktiv addım atsınlar və praktiki fəaliyyət göstərən psixoloqlarla əməkdaşlıq etsinlər. Ən azı üç aydan bir şagirdlərlə bu istiqamətdə çalışmalar aparılmalıdır ki, belə hadisələrin qarşısını əvvəlcədən almaq mümkün olsun”.

“Məktəblərin girişində yoxlama cihazları quraşdırıla bilər”

Təhsil eksperti Ramin Nurəliyevin fikrincə isə bu cür xoşagəlməz hadisələr şagirdlərin məktəblərdə giriş-çıxış zamanı yoxlama prosedurunun hansı səviyyədə olması ilə bağlı müəyyən suallar yaradır:

“Xarici ölkələrdə bir çox orta ümumtəhsil məktəblərində giriş-çıxışda xüsusi cihazlardan istifadə olunur. Həmin cihazlar vasitəsilə şagirdin qadağan olunmuş əşya gətirib-gətirmədiyi müasir texnoloji avadanlıqlardan keçirildikdən sonra müəyyənləşdirilir. Bizdə də bu istiqamətdə müvafiq addımlar atıla bilər.

Həmin cihazlar xüsusilə böyük, şagird sayı çox olan məktəblərdə quraşdırıla bilər.

Bununla yanaşı, orta ümumtəhsil məktəblərində mühafizə polisinin xidmət göstərməsi də mümkündür. İstər-istəməz, bir polis əməkdaşının məktəbdə görünməsi şagirdlərdə müəyyən neqativ davranışların qarşısının alınmasına təsir göstərə bilir”.

R.Nurəliyev hesab edir ki, bu addımlar orta ümumtəhsil məktəblərində neqativ halların çoxalmasının qarşısını almaq baxımından əhəmiyyətlidir.

Onun fikrincə, xüsusi cihazların məktəbin girişində quraşdırılması, həmin cihazlar vasitəsilə şagirdlərin giriş-çıxışına nəzarət olunması və ümumi təhlükəsizliyin qorunması ən optimal variantlardan biridir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO