Bir güllə belə atmadan... – 4 kəndin qaytarılması hansı qorxunc planları POZDU?

Hazırda oxunan: Bir güllə belə atmadan... – 4 kəndin qaytarılması hansı qorxunc planları POZDU?

188388

Ermənistan nəhayət ki, özündə güc tapıb, Azərbaycanla sülh üçün çox vacib addımı atdı. Heç bir vasitəçinin iştirakı olmadan rəsmi İrəvan 4 Azərbaycan kəndinin geri qaytarılmasına razılıq verdi. Bu, son 35 ildə Ermənistanın Azərbaycana qarşı atdığı hələki yeganə barışıq addımıdır.

Ona görə də 4 kəndin geri qaytarılması haqqında razılaşma çox böyük hadisədir. Bu Ermənistanın regional təhlükəsizliyə bu günə qədər verdiyi ən böyük töhfə və Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq istəyinə yeni impulsdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Etirazçılar Ermənistan-Gürcüstan yolunda çadır qururlar - VİDEO


Ermənistan gec də olsa, reallıqları dərk etməyə başladı. 

Ermənistanın bir dövlət kimi mövcudluğunun və gələcək inkişafının dinc qonşuluqdan keçdiyinin rəsmi İrəvan tərəfindən anlaşılması sözün hər mənasında böyük hadisədir. Azərbaycan hər zaman Ermənistana çağırış edib ki, münaqişənin sülhlə yekunlaşması üçün üçüncü tərəfin iştirakı olmadan təmasların qurulması çox vacibdir. Çünki danışıqlar prosesində iştirak edən istənilən vasitəçinin öz maraqları var. Bu maraqlarsa heç zaman ədalətli sülhə meydan aça bilməz.

Azərbaycanın ədalətə və davamlı sülhə söykənən çağırışlarına Ermənistanın müsbət reaksiyası isə barmaqla sayılacaq qədər az olub. Amma İrəvan rəsmi Bakının çağırışlarına nə zaman isti yanaşıbsa, bundan hər iki tərəf qazanıb. Tək bir fakı xatırladaq ki, 7 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı. 

Açıqlamanın preambulasında yazılırdı:

“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”.

Göründüyü kimi, hər iki tərəf ikili təması tarixi fürsət kimi dəyərləndirdi. 

Hələ bu harasıdır… 

Birgə açıqlamadan sonra Azərbaycan 32 erməni hərbçini, Ermənistansa öz növbəsində 2 azərbaycanlı hərbçini azad etdi. Ən əsası bu açıqlamada qeyd olundu ki, tarixdə ilk dəfə xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. 

Azərbaycansa Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Həmin açıqlamada həmçinin qeyd olunurdu ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcəklər.

Bəs, Ermənistan niyə geri çəkildi?

Çox təəssüf ki, bəzi maraqlı qüvvələr üzdə Azərbaycanla Ermənistanın birgə açıqlamasını bəyəndiyini desə də, arxa planda hər vasitə ilə iki ölkə arasında münasibətlərin gərginləşməsinə çalışdı. Müəyyən mənada buna nail oldular. Ermənistan da bu tarixi sənədin imzalanmasından sonra müharibə ritorikalarını bir qədər də artırdı. 

Maraqlıdır ki, Ermənistandan daha çox Qərb mətbuatında feyk xəbərlər yayıldı ki, Azərbaycan Ermənistanla yeni müharibəyə başlamaq istəyir. Təbii ki, bu cür kampaniyalar və təzyiqlər nəticəsində Ermənistan yenidən destruktiv mövqeyinə çəkildi. İki ölkə arasında vəziyyət yenidən gərginləşdi. İkili təmaslar dayandı. Nəhayət, Azərbaycanın davamlı və təsirli tədbirləri hesabına Ermənistan reallıqlarla barışmaq məcburiyyətində qaldı.

Ermənistanın Brüsseldə puç olan ümidləri…

Təbii ki, Ermənistanın islah olunmasında 5 aprel - Brüssel görüşü də öz sözünü dedi. Bu görüşə kimi bir çox erməni siyasətçiləri inanırdı ki, Qərb Ermənistana gəlməklə həm ölkənin iqtisadi dirçəlişinə dəstək verəcək, həm də ermənilərin müdafiəsini təşkil edəcək. 

Lakin 5 apreldə ermənilərin ümidləri növbəti dəfə suya düşdü. Aydın oldu ki, Qərb Ermənistana heç bir iqtisadi-siyasi və hərbi dəstək vermək fikrində deyil. Ən yaxşı halda əvvəlki illərdə başlanılan iqtisadi layihələr davam etdiriləcək. Vəssəlam.

Məhz bundan sonra Paşinyan hökuməti Azərbaycanla təmasları bərpa etməyin və bu təmasları gücləndirməyin əhəmiyyətini anladı. Təsadüfi deyil ki, Paşinyan Brüsseldən qayıdandan sonra Azərbaycanla sərhəd bölgəsinə bir neçə səfər etdi. Yerli əhali ilə görüşlər keçirdi. 
Nəhayət, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirildi. 

Görüş zamanı komissiyalar arasında bəzi məsələlərdə konkret razılıq əldə olundu. Həmin razılıqlardan biri də 4 Azərbaycan kəndinin geri qaytarılması idi. Digər mühüm razılaşma isə iki ölkə arasında sərhədlərin bir hissəsində razılaşmaların yaxın bir ayda başa çatdırılmasıdır.

Rəsmi İrəvanın reallıqları dərk etməsi və Azərbaycanla birbaşa təmaslara can atması təsadüf yox, bir zərurətdir. 

Bu zərurəti yaradan isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz Azərbaycan liderinin qətiyyəti hesabına Qərbin maraqlı dairələri bir qədər geri çəkiliblər. Ermənistan da təzyiqlərin azalmasını görüb, Azərbaycanla birbaşa təmaslara başlayıb.

Nəzərə alaq ki, Ermənistandan fərqli olaraq Azərbaycan Qərbə və digər maraqlı ölkələrə heç zaman inanmayıb. Məhz buna görə də 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq öz ərazilərinin işğaldan azad olunması üçün əməliyyatlara başladı. Və 30 illik düyün Azərbaycan Ordusunun, Ali Baş Komandanın və Azərbaycan xalqının birgə səyi ilə cəmi 44 gündə çözüldü. 

Halbuki, ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələri - ABŞ, Fransa və Rusiya 30 il müddətində problemin həll edilməsinə yox, ən yaxşı halda münaqişənin dondurulmasına çalışmışdı. 
Təbii ki, Azərbaycan ABŞ, Fransa və Rusiyanın istəklərinə boyun əymək fikrində deyildi. Çünki 20 faiz torpağı işğal altında olan bir ölkənin heç bir uğurlu gələcəyi ola bilməzdi. Ona görə də İlham Əliyevin qətiyyəti sayəsində çox qısa zamanda Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları bərpa olundu. 

İlham Əliyev uzun illər təkcə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları üçün mübarizə aparmayıb. 

Həm də Cənubi Qafqazı “sülh evi”nə çevirməyə çalışıb. Ona görə də torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan liderinin ali məqsədi regional təhlükəsizliyə və inkişafa nail olmaq idi. Yada salaq ki, Ermənistanla əldə olunan razılaşmadan cəmi bir ay sonra - 8 dekabr 2020-ci ildə İlham Əliyev regional inkişaf üçün “3+3” platformasını irəli sürdü. 

Təbii ki, Azərbaycan liderinin bu ideyası Qərbi şoka saldı. Bəzi region ölkələri isə bundan təşvişə düşdü. İran və Rusiya ilk vaxtlar bu platformaya şübhə ilə yanaşmağa başladı. Gürcüstansa heç bir reaksiya vermədi. Amma zamanla İran, Rusiya və hətta Ermənistan Azərbaycanın xoş niyyətini anladı və bu layihənin gerçəkləşməsinə müəyyən dəstək nümayiş etdirdilər. 

Lakin region ölkələrindən fərqli olaraq ABŞ və bir sıra Avropa dövlətləri bu ideyaya qarşı çıxdı. Çünki Qərb hansısa regionda sülhün və sabit inkişafın olmasında maraqlı deyil. Ona görə də Azərbaycanın irəli sürdüyü regional layihələrə əngəl olmaq üçün Ermənistandan istifadə etdilər. Qərb alət kimi istifadə etdiyi Ermənistana həm şirin vədlər verdi, həm də onu inandırmağa çalışdı ki, Azərbaycan dayanmayacaq, ilk fürsətdəcə Ermənistana yeni müharibə elan edəcək. Nə yazıq ki, Ermənistanın siyasi hakimiyyəti də Qərbə inandı.

Azərbaycan öz yolundan dönmədi. 

İlham Əliyev təkcə Ermənistana və Qərbə yox, bütün dünyaya sübut etdi ki, Azərbaycanın hədəfi Cənubi Qafqazda davamlı sülhü təmin etməkdir. Nəhayət, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanması ilə Azərbaycan əyani şəkildə göstərdi ki, regional sülhə gedən yolda zəruri addımları lazımi vaxta atmaq vacibdir.

Təbii ki, Azərbaycan liderinin məntiqi və qətiyyəti qarşısında Qərb də müəyyən qədər geri çəkildi. Təsadüfi deyil ki, 4 kəndin geri qaytarılmasını həm ABŞ, həm Aİ, həm də digər güclər alqışlayır. 

Amma bu alqışlarla Qərb öz çirkin planlarının uğursuzluğuna don geyindirmək istəyir. 

Guya ki, Qərbin ən ülvi istəyi iki ölkə arasında davamı sülhün əldə edilməsidir. Ancaq Qərb Azərbaycandan daha aqressiv addımlar gözləyirdi. Məhz bu zaman Qərb öz çirkin planlarını reallaşdırmaq və Cənubi Qafqaza girmək fürsəti qazana bilərdi. 

Amma Azərbaycan lideri Qərbə bu fürsəti vermədi. Üstəlik, sübut etdi ki, Rusiya indiki halda regional təhlükəsizliyə heç bir təhdid yaratmır. Ona görə də Rusiya öz qoşunlarını qarşılıqlı razılaşmaya əsasən vaxtından əvvəl Azərbaycandan çıxardı. Qərbsə bu gedişi gözləmirdi. Amma Azərbaycan bir gedişlə həm Qərbi, həm də digər gücləri mat vəziyyətində qoydu. Bir daha sübut olundu ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün olmasına hamıdan və hər kəsdən daha çox maraqlıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO