Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır”  - XƏRİTƏ

Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır”  - XƏRİTƏ

Hazırda oxunan: Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır”  - XƏRİTƏ

28201

“Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bütün illərində erməni tərəfi informasiya-diplomatik məkanda Qarabağın dağlıq hissəsi ətrafında işğal edilmiş 7 rayonu nəzərdə tutaraq, “təhlükəsizlik zolağı” anlayışından məqsədyönlü şəkildə istifadə edib.

Əlbəttə ki, bu anlayışın mütəmadi xatırladılması riyakar xarakter daşıyırdı və ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycan ərazilərinin işğalı faktına haqq qazandırmaq niyyəti güdürdü.

Axı Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürmürdü, onun torpaqlarını ələ keçirməyə çalışmırdı. O Ermənistan idi ki, ərazilərimizi ələ keçirmiş, sonra da onun bir hissəsini “təhlükəsizlik zolağı” elan etmişdi. Bax, biz də bu gün Ermənistanla sərhəd boyu “təhlükəsizlik zolağı” yaratmaq barədə ciddi şəkildə düşünməliyik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov yerli mediaya müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, bu məsələni görməzlikdən gəlməmək üçün olduqca çox səbəb və arqumentlər yığılıb:

“Birincisi, beynəlxalq səviyyədə qəbul edilmiş gerçək budur ki, Ermənistan uzun müddət yad torpaqları işğalda saxlayıb və BMT Təhlükəsizlik Şurasının tələblərinə baxmayaraq onları azad etməkdən imtina edib.

İkincisi, Azərbaycana qarşı ərazi iddiaları Ermənistanın konstitusiyasında, qanunvericilik aktlarında, hökumət qərarlarında əksini tapıb və heç kim onları belə görünür ki, ləğv etməyə hazırlaşmır.

Üçüncüsü, Ermənistan bu günədək Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımaqdan imtina edir.

Nəhayət, dördüncüsü, Ermənistan sərhəd bölgələrimizi atəşə tutmağa davam edir və yuxarıda qeyd etdiyim kimi, bu ölkədə revanşizm ideyaları hələ də kifayət qədər güclüdür və ölkəni yeni avantüralara sövq edə bilər”.

Politoluqun fikrincə, əgər Ermənistanda proseslər qorxulu ssenari üzrə inkişaf edərsə və sərhədlərimiz üçün, sərhədyanı bölgələrimizin sakinləri üçün real təhlükə yaranarsa, Azərbaycan “təhlükəsizlik zolağı” tətbiq etməyə hazır olmalıdır:

“Nəzərə almaq lazımdır ki, Azərbaycana hərbi hücumlar təkcə Qarabağda deyil, həm də bütün sərhədimiz boyu baş verib və verir. Nümunə kimi 2020-ci ilin iyulunda Tovuza edilən hücumları göstərmək olar. Həmçinin Qazaxın 7 kəndinin, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin hələ də işğal altında olmasını nəzərə alsaq, “təhlükəsizlik zolağı” sadəcə, qaçılmazdır. Və bu “zolaq” Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğunu və Ermənistan dərinliyində təxminən 30 kilometr ərazini əhatə etməlidir.

O, Mərkəzin hazırladığı yeni xəritədən də söz açıb:

“Təhlükəsizlik zolağı”nın hüdudları Qazax hissəsindəki Alaverdi yaşayış məntəqələri xətti boyunca, Karvansaraydan (İcevan), Dilican bölgəsi, ardınca Göyçə (Sevan) gölünün orta xətti boyunca, daha sonra Qırxbulaq (Akunk), Böyük Vedidən (Naxçıvan hissəsində) keçməklə və dar zolaq olması səbəbi ilə bütünlüklə Qərbi Zəngəzuru əhatə etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO