Son zamanlar dünya bazarında qida məhsullarının qiymətində eniş müşahidə olunur. Bu səbəbdən də Azərbaycandan ixrac olunan məhsullar xeyli aşağı qiymətə satılır. Məsələn, Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 172,6 ton çay ixrac edilib. Bu göstərici ötən ilin eyni dövründə 156,4 ton idi. Beləliklə, fiziki ixrac həcmi 10,4%, yəni 16,3 ton artıb.
Lakin ixrac qiymətləri ucuzlaşıb. Ötən il bir ton çay xaricə 9 min 319 dollara satıldığı halda, bu il həmin göstərici 8 min 849 dollar-a düşüb. Bu isə 469 dollar və ya 5%-lik azalma deməkdir.
Manatla hesablasaq, ötən il bir kiloqram çay ixracından 1 kq üçün 15,84 manat gəlir əldə olunurdusa, bu il bu rəqəm 15,04 manata enib.
MÖVZU İLƏ BAĞLI:
Kərə yağının qiyməti sürətlə artır - İdxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır?
2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 9 min 128,85 ton şəkər ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 202,75 ton və ya 31,8% daha çoxdur.
Bununla belə, şəkərin ixrac qiymətində azalma müşahidə olunub. Belə ki, 2024-cü ildə bir ton şəkərin ixrac qiyməti 748,5 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 674,8 dollara düşüb. Bu da 9,85%-lik ucuzlaşma deməkdir.
2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 4 min 795 ton nar ixrac olunub. Bu göstərici ötən ilin eyni dövründə 3 min 380 ton təşkil edirdi. Beləliklə, fiziki ixrac həcmi 1 min 415 ton və ya 41,9% artıb.
Lakin narın orta ixrac qiymətində azalma müşahidə olunub. 2024-cü ildə bir ton nar 903 dollara ixrac olunurdusa, 2025-ci ildə bu göstərici 859 dollara enib. Bu isə 44 dollar və ya 4,9% azalma deməkdir.
Qiymətlərdə enişə səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ixrac edilən şəkər tozu və çay Azərbaycanda istehsal edilmir, sadəcə burada qablaşdırılır:
“Satılan digər məhsullar kimi çayın və şəkərin qiyməti dünya bazarındakı qiymətlərdən asılıdır. BMT-nin müvafiq institutlarının verdiyi məlumatlara görə son zamanlar dünya bazarında ərzaq məhsullarının indeksində 10 faizə yaxın ucuzlaşma olub. Düzdür, bəzi məhsullar daha çox ucuzlaşıb. Eyni zamanda bəzi məhsullar bahalaşıb. Ümumilikdə isə qiymət indeksi aşağı düşüb.
Ona görə də Azərbaycanda qablaşdırılan bəzi məhsulları dünya bazarında baha satmaq mümkün deyil. Çünki dünya bazarında azad rəqabət və yüzlərlə oyunçu var. Bu səbəbdən dünya bazarında süni qiymət artımı mümkün deyil”.
Bəs dünya bazarındakı ucuzlaşma daxili bazara niyə təsirsiz qalır?
“Daxili bazardakı qiymətlərə təsir edən çoxsaylı amillər var. Doğrudur, biz idxaldan çox asılıyıq və bu səbəbdən də xaricdə qiymətlər düşəndə bizdə də qiymətlər enməlidir. Təəssüf ki, çox zaman biz bunu görmürük. Təsadüfi deyil ki, rəsmi şəxslər idxal infilyasiyasından çox danışır və idxal məhsullarının baha olmasını səbəb kimi göstərirlər. Amma reallıq odur ki, son bir ildə dünya bazarında qiymətlər artmayıb, əksinə ucuzlaşıb. Lakin daxili bazarda oyunçuların azlığı qiymətlərin ucuzlaşmasına imkan vermir.
Ölkəyə məhsul gətirə biləcək şirkətlər çox azdır. Bu da topdansatış sahəsində rəqabətsizlik mühiti yaradır. Belə vəziyyətdə Azərbaycanda vergi və gömrük rüsumlarına yeni yanaşma zərurəti yaranır. Məsələn idxal edilən ərzaq məhsullarına da ƏDV 18 faizdir, qeyri-ərzaq mallarına da. Bu daha differensial olmalıdır. İndiki şəraitdə ərzaq məhsullarının idxalına tətbiq edilən vergi və gömrük rüsumları aşağı salınmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media