Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.
Zərərçəkən A.Z. işlə bağlı vakansiya üzrə müraciət etdiyini bildirib:
"Mən musiqi müəllimi kimi müraciət etmişdim. Pulla bağlı haqq-hesabı H.Rüstəmova ilə atam həll edib, mən o prosesləri görməmişəm. Ödənişi verəndən on gün sonra işə düzəldim. Bir il maaş aldım, daha sonra ala bilmədim deyə işdən çıxdım. Hazırda ziyanım ödənilib, şikayətim yoxdur".
Digər zərərçəkən C.K iş üçün müraciət etdiyində ona təcrübə keçdikdən sonra işləyə biləcəyinin deyildiyini bildirib:
"Mənə dedilər ki, bir ay təcrübə keçməliyəm, daha sonra işlə təmin ediləcəyəm. Bu xanıma (təqsirləndirilənə işarə edir) 5 000 manat pul vermişəm. Bir ay sonra iş bağlandı".
Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.
Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. "Moon Kids" Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.
Bizim.Media









































































































