Bir həftədir İraq Şam İslam Dövləti (İŞİD) adlı qruplaşma tərəfindən İraqda dəhşətli hadisələr həyata keçirilir. Artıq Mosul başda olmaqla, İraqın xeyli hissəsi İŞİD-in nəzarətinə keçib. Kütləvi qətliamlar törədilir, körpə uşaqlara belə rəhm edilmir. Dünyanı heyrətləndirən qırğınlarda İslam elementlərinin qabardılması isə xüsusilə diqqəti cəlb edir. İraqda yaşanan hadisələr müsəlmanların yaşadığı Azərbaycan cəmiyyətində də narahatlıqla izlənməkdədir. Baş verənləri təhlil etmək, hadisələrin əsl adının nə olduğuna və digər məsələlərə aydınlıq gətirmək məqsədilə Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat” qəzetinin suallarını cavablandırıb. Moderator.az müsahibəni oxuculara təqdim edir
- Hacı, dünyanın gündəmini dəyişən, hətta bir saylı yer tutan məsələdən danışmaq istəyirik. İŞİD adlı terrorçu qrupun hərəkətlərini, insanlığı şoka salan qəddar əməllərini və bunu İslam adına, “Allahu Əkbər” söyləyərək yapmasını hər kəs görür. Necə oldu İslam adına olan müsəlman toplumları bu həddə gəlib çatdılar? Allaha inanan da insanları öldürərmi, onları diri-diri basdırarmı, cocuqları öldürərmi? Belələrinə müsəlman demək olarmı?
- Çox ağır sualdır. Ümumiyyətlə, sosial şəbəkələrdə də və şəxsi müzakirələrdə də biz fərqinə varmışıq ki, hadisələr Azərbaycan ictimai rəyinə çox ciddi təsir edib. Burada kompleks yanaşma olmalıdır. İlk olaraq faktiki tərəfinə toxunmaq lazımdır. Bu gün İraqda baş verənlər əslində böyük bir qətliamdır, terrordur və cinayətdir. Bunun hər hansı başqa izahı yoxdur. Bəzən təəssüflər olsun ki, bunu nə isə başqa adlarda təqdim etmək istəyənlər var. İkinci, bu, dinc əhaliyə qarşı olan bir qətliamdır. Üçüncü, bu, təkfirçi-vəhhabi ideologiyasına aid olan hörgütlərin tərəfindən törədilən hadisədir. Bu, bəzilərinin təqdim etmək istədikləri kimi, qətiyyən sünni-şiə qarşıdurması deyil. Bu, həm şiələrə qarşı, həm sünnilərə qarşı, ümumən İraq müsəlmanlarına, insanlığa qarşı terrordur.
- Amma Avropa mediasında belə təqdim olunur ki, sünni-şiə qarşıdurmasıdır.
- İndi onun da üstünə gələrik. Bu, bütün insanlığa qarşı həyata keçirilən terrordur, ağır cinayətdir. Odur ki, bunu süni-şiə qarşıdurması kimi təqdim etmək - əslində media müstəvisində ciddi dezinformasiyadır. Baş verənlər - təkfirçi-vəhhabi ideologiyasını daşıyan bir qruplaşmanın, hörgütün müasir mərhələdə insanlığa qarşı növbəti cinayətidir. Müsəlmanlar tarixdə belə hallarla rastlaşıblar. Belə hallar tarixən Kərbəlada, Nəcəfül-Əşrəfdə, Məkkədə, Mədinədə olub.
“Nə vaxta qədər İslamın gerçək mahiyyətinin təbliğatı üçün əngəllər davam edəcək?!” |
- Bəs o zaman hədəf kimlər idi?
- O zamanlar da hədəf çox aydın idi. Birmənalı olaraq müsəlmanların bir hissəsini, yəni Əhli-beyt yolçularını qırmaq idi hədəf. Bizim toplumda rahat qavranılan dillə desək, şiələr hədəfdə idi.
- İŞİD etiraf edir ki, onların əsas hədəfi indi şiələrdir. Deməli, yüz illər əvvəl də belə idi?
- Bəli. Eyni ilə belə olub. Çünki bunların yaranma fəlsəfəsi tarixən belədir. Bunların yaranarkən ideologiyasının kökündə bu dayanıb. Tarixdə onminlərlə insanı amansızcasına qətlə yetirmə, qadınları əsir götürmə, cocuqları məhv etmə, bütün müsəlmanların mallarını qənimət bilmə və bu kimi cinayətlər təkfirçilər tərəfindən bir neçə dəfə həyata keçirilib.
- Müqəddəs Quranda insan öldürməyə münasibət necədir? Bunu bir daha yada salmaq doğru olardı.
- Bu sualın cavabı o qədər aydındır ki, hamı bu sualın cavabını bilir. Ümumiyyətlə, bu düşüncənin, belə yanaşmanın Qurana, İslama mahiyyətcə heç bir aidiyyəti yoxdur. Günahsız, dinc insanlara qarşı belə bir kütləvi qətliamı həyata keçirmək bu hörgütün davamlı olaraq bünövrəsində olub. Bu, yeni bir şey deyil. Sadəcə olaraq, 21-ci əsrdə bunu onların yenidən təşkilatlanaraq, şəraitdən istifadə edərək həyata keçirmələri böyük təəssüflər doğurur. Burada əsas məsələlərdən biri budur ki, dünya ictimai rəyində iz buraxan bir neçə ciddi məsələyə fikir vermək lazımdır. Xüsusən Azərbaycan mediasında da buna diqqət olunmalıdır: Bu, məzhəb qarşıdurması deyil, müsəlmanlararası olan savaş deyil. Bu, əslində terror hörgütünün, təkfirçi bir hörgütün insanlığa qarşı cinayətidir. İkinci mühüm məsələ odur ki, bu hadisələrin İslama heç bir aidiyyəti yoxdur. Bunları islamçılar kimi, hansısa İslam qruplaşmaların təmsilçisi kimi, o cümlədən radikal islamçı kimi təqdim etmək də kökündən yanlışdır. Mahiyyətcə müasir texnoloji dillə deyək, bu, İslam toplumunun içinə daxil edilmiş məhvedici, təhlükəli bir virusdur. İmmunitet olmasa, bu virusun dağıdıcılığı da bir qədər artacaq. Bu, məsələnin faktoloji tərəfi. Məsələnin başqa tərəflərinə gəldikdə, ümumiyyətlə, bu, indimi çıxdı ortalığa? Xeyr. Bu, son illərdə fraqmental xarakterdə ortada idi. Sadəcə olaraq, son bir həftə ərzində geniş miqyas almağa başladı.
- Artıq İraqın yarısını işğal ediblər. Bunu necə bacarırlar?
- Mahiyyət etibarilə bunların Suriyada bir toparlanmaları oldu. Bundan sonra artıq yeni addımları atmağa başladılar. Xüsusən Samirə (Samirra) şəhərini də hədəfləmişdilər. Amma Samirə ilə - müqəddəs ziyarətgahla bağlı təbii ki, istəklərinə nail olmadılar. Hazırda İraq toplumunda şiəli-sünnili bütün müsəlmanlar vəhdət şəklində həmin hörgütə qarşı toparlanmaqdadırlar. Həm şiə üləmaları, alimləri, həm sünni alimləri - hər iki tərəfin mərkəzləri bu hörgütə qarşı birgə xalq səfərbərliyi elan ediblər.
- İstərdik ki, Azərbaycanla bağlı təhlükənin nə qədər olduğunu öyrənək. Çünki onların təhdid xəritəsində Azərbaycanın da adı var. Ölkəmizi hədəf olaraq qeyd ediblər. Onlar təbii ki, arabalara oturub buraya gələsi deyillər. İdeoloji olaraq buraya sıçraması, onların buradakı ayaqlarının, gizli hörgütlərinin hərəkətlənməsi mümkündürmü? Bu, təhlükə yalnız virtual və informasion müstəvidədir, yoxsa real bir təhlükə hiss edirsinizmi?
Azərbaycandakı sünni icmalarının rəhbərləri, təmsilçiləri ilə bu mövzuda müzakirələr aparmısınızmı?
“Tarixdə on minlərlə insanı amansızcasına qətlə yetirmə, qadınları əsir götürmə, cocuqları məhv etmə, bütün müsəlmanların mallarını qənimət bilmə və bu kimi cinayətlər təkfirçilər tərəfindən bir neçə dəfə həyata keçirilib” |
- 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycana çox pis eksperiment tətbiq olundu. Guya kimlərsə, hansısa bir “nəzəriyyəçilər”in yanaşması ilə ölkədaxili dini situasiyanı balanslaşdırmaq üçün Azərbaycanda heç vaxt bünövrəsi olmayan, heç vaxt tarixi keçmişi olmayan bir düşüncənin gəlməsi üçün münbit şərait yaratdılar. Bu eksperimentin acı nəticələrini Azərbaycan toplumu da hiss etməkdədir. Bu acı təcrübələr postsovet məkanında ilk olaraq Çeçenistanda həyata keçirildi. Dudayev hərəkatı kimi sivil platformada olan bir hərəkatın necə sıradan çıxarıldığının üzərində ciddi düşünmək lazımdır. Nə vaxt ki, Dudayev hərəkatı - xalqın özünüifadəsi uğrunda hərəkat - yavaş-yavaş təkfirçi vəhhabilərin ixtiyarına keçdi, o zamandan həmin sivil hərəkat məhvə doğru getməyə başladı. Ona postsovet məkanında nə qədər yüksək münasibət var idi. Məhz həmin virusun daxil olmağı ilə o yüksək münasibət dəyişdi. Azərbaycana da o hadisələr zamanı müəyyən mənada bir sıçrayış oldu. Burada da illər ərzində müxtəlif tərəflərdən bu təbliğatlar gedib. Azərbaycanda onlar, əsrlərlə oturuşmuş İslam dünyagörüşünə qarşı aqressiv kampaniya aparıblar. Bu aqressiv təbliğatın qarşısına çıxmaq üçün xüsusən 1990-cı illərdə ciddi hazırlıq, şərait olmayıb; telekanallarda, yaxud hansısa elmi mərkəzlərdə hər hansı müdafiə hazırlanmayıb. Artıq üstündən 20 ilə yaxın zaman keçəndən sonra bununla bağlı danışarkən bu dövrdə məsuliyyəti olan insanlar fərqində olmalıdırlar ki, bu gün nəticələrdən danışmaq lazım deyil. Bunun yaranma dövrü, trayektoriyası, necə inkişaf etdirilməsi, necə imkan yaradılması, bu gün də buna necə dəstək verilməsindən danışılmalıdır.
Davamlı olaraq Azərbaycanda gerçək İslam maarifinin, elmli, izzətli, müstəqil bir İslam maarifçiliyinin inkişafına isə həmişə əngəllər olub və bu gün də var. Əslində təkrifçi vəhhabi hörgütlərinin ən böyük bacarığı odur ki, harada boşluq görürlər, oraya daxil olurlar. Əgər İslam maarifçiliyi üçün əngəllər davam etdiriləcəksə, onlar bu boşluqdan yenə də kifayət qədər yararlanmağa cəhd göstərəcəklər. Son illərdə, xüsusən 2000-ci illərdən başlayaraq, ölkədə bununla bağlı az olan imkanlarla, fürsətlərlə müəyyən qədər maarifçilik gedib. Amma bu, yetərli deyil. Telekanallarda dini maarifçiliklə bağlı ciddi senzura var. Ümumiyyətlə, İslamın təbliği, maarifçiliyi, bunun köklü akademik formada həyata keçirilməsi, hətta kitabların özünün rahat çapı üçün yetərli fürsətlər yoxdur. Kitabla da bağlı müəyyən senzura mövcuddur. Hətta vəhhabiliyi ifşa edən kitablar ölkədə qadağa altındadır. Düşünürəm ki, nə vaxta qədər İslamın gerçək mahiyyətinin təbliğatı, maarifçiliyi üçün əngəllər davam edəcək, Azərbaycanda da bu kimi təhlükələrin mümkünlüyü var və realdır.
- Azərbaycanda gerçək İslamın təbliği baxımından dini icmalar necə, yetərli fəaliyyət göstərə bilirlərmi?
- İstərdim ki, aydınlıq üçün bəzi nöqtələrə toxunam. Azərbaycanda davamlı olaraq, gerçək İslam maarifinin, gerçək akademik İslamın, İslamın bünövrəsində dayanan əxlaqiyyətin, fəlsəfənin bu istiqamətdə maarifçiliyi üçün əngəl törədilib. Bu, həmişə belə olub. Bunun ən bariz nümunəsi - telekanallarda olan senzuradır. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi - Azərbaycanda oxuyub gəlmiş yüzlərlə savadlı ruhani və ilahiyyatçılar var. Onların fəaliyyəti üçün, onların öz maarifçilikləri ilə məşğul olması üçün nəinki heç bir şərait yaradılmayıb, əksinə, həmişə kifayət qədər əngəllər yaradılıb. Məsələnin üçüncü tərəfi - Azərbaycanda bu məsələlərlə birbaşa məşğul olmağa cavabdeh olan rəsmi qurumlar son illərdə baş verənlərin ağrılı vəziyyətini sanki hiss eləməyə başlayıblar və bu haqda arabir danışmaqdadırlar.
“Savadlı ruhani və ilahiyyatçılara telekanallarda senzuranın yaradılmasının müqabilində təkfirçiliyin və digər düşüncələrin efirə ciddi ixracı baş verib” |
Savadlı ruhani və ilahiyyatçılara telekanallarda senzuranın yaradılmasının müqabilində təkfirçiliyin və digər düşüncələrin efirə ciddi ixracı baş verib. Əgər normal rəqabət mühiti olsaydı, heç bir problem də olmazdı; polemikalara, debatlara çıxardılar, plüralist bir ortam olardı. İnsanlar məhz bundan müqayisəli bilgilər, imkanlar əldə edərdilər. Biz bir tərəfdən müstəqil ənənəvi ilahiyyatçılara və ruhanilərə qarşı basqı görmüşük. Digər tərəfdən isə “balanslaşdırma” niyyəti ilə təkfirçi və bu kimi yanaşmalara dözümlü münasibət sərgilənib. Bu, bir “eksperiment” olub və acı nəticələri artıq yaşanmaqdadır. Bu eksperimentin davamı olarsa, hansı ağrılı nəticələrə gətirib çıxarar - bir Allah bilir.
Onu da deyim ki, mən Azərbaycanda “şiə və sünni ruhaniyyəti” ifadələrini işlətmək istəmirəm. Azərbaycanda tarixən ciddi bir İslam ənənəsi olub, ciddi bir İslam ruhiyyəsi, yaşamı olub. Tarixən birgə yaşama imkanları da çox gözəl olub. Şiəli-sünnili, insanlarımız birgə yaşayıblar, vəhdətdə olublar, qardaşlıqda olublar. Sovetlərdən sonra da bu ənənə müəyyən mənada bu günə qədər davam edir.
Gerçək İslamı təbliğ edən savadlı müstəqil ilahiyyatçıların, ruhanilərin fəaliyyət göstərmək imkanları açıq tribunalardan keçir. Bu imkanlar isə yuxarıda dediyim kimi, senzuraya məruz qalır. Digərləri, o cümlədən təkfirçilər isə hər zaman yarıgizli fəaliyyətlə məşğul olublar, müxtəlif dönəmlərdə də bu modelli fəaliyyətə hazır olublar. Oxumuş, savadlı ilahiyyatçı təbəqəsinin isə gizli fəaliyyətə yetərincə metodoloji hazırlıqları yoxdur. Onların gerçək İslamın maarifçiliyini aparmaları üçün telekanallarda, digər müvafiq yerlərdə şərait yaradılmalıdır.
- İraqda insanları qətlə yetirənlər “Allahu Əkbər” deyib, qətli həyata keçirirlər. Belə hərəkətlər 1400 əvvəl də olub. O zaman deyirdilər ki, bu, cahillikdir. İndi 21-ci əsrdə bəs nədir? Bəlkə İslamın qavranılmasında əngəllər var? Bəlkə İslam siyasi məqsədlər üçün alət olub? Səbəblər hansıdır?
-...
(Davamı var)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.