Lənkəranda yol qəzası zamanı bir nəfər piyada ağır yaralanıb, avtomobili idarə edən şəxs isə huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza axşam saatlarında Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Şağlaser kəndindən keçən hissəsində baş verib.
Məlumata əsasən, 1962-ci il təvəllüdlü Rəfiaddin Məmiyevin idarə etdiyi “Ford” markalı yük maşını yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Namik Mirzəyevi vurub.
Hadisə nəticəsində ciddi bədən xəsarətləri alan Namik Mirzəyev təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Müayinələr zamanı onda ağır kəllə-beyin zədəsi və müxtəlif sümük sınıqları aşkarlanıb. Yaralının reanimasiya şöbəsində müalicəsinin davam etdiyi və durumunun kritik olduğu bildirilir. Hadisəni törədən 63 yaşlı sürücünün də sonradan komatoz vəziyyətdə tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.
Bildirilir ki, Namik Mirzəyev yaşadığı kənddə avtomobil təmiri ustası kimi tanınan şəxslərdəndir. Baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bizim.Media








































































































