Cavanşir Quliyev: “Süni intellektin hazırladığı musiqilərə müsbət baxıram” – ÖZƏL

Cavanşir Quliyev: “Süni intellektin hazırladığı musiqilərə müsbət baxıram” – ÖZƏL

Hazırda oxunan: Cavanşir Quliyev: “Süni intellektin hazırladığı musiqilərə müsbət baxıram” – ÖZƏL

621290

Son zamanlar “Youtube” və digər sosial platformalarda süni intelektin hazırladığı musiqilərə tez-tez rast gəlinir. Onların çoxuna klip belə hazırlanıb. Ədalət naminə deyək ki, bəzi musiqilər hazırda “gündəmdə olan” ifaçıların çıxışlarından qat-qat yaxşıdır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyir ki, bu texnoloji inkişafın göstəricisidir:

“Bunu heç kim dayandıra bilməz. Mənim və ümumən bizlərin bu məsələyə “yaxşı” və yaxud “pis” deməyimizdən asılı olmayaraq proses yeni başlayıb və getdikcə sürət alır. Hələ harasıdır... Əslində mən buna müsbət baxıram. Çünki bu insanın fəaliyyətini xeyli rahatladır. Bu proses təkcə musiqidə deyil. Süni intelekt bu gün həyatımızın bütün sahələrinə nüfuz edir”.

Bəs bu proses bəstəkar və müğənnilərin “çörəyi”nə bais olmayacaq?

Cavanşir Quliyevin fikrincə əsl bəstəkarın, əsl şairin, əsl müğənninin “çörəyi”nə süni intelekt heç nə edə bilməz:

“Amma bu gedişlə əldəqayırma və hər gün efirlərdə olan “şairlər”in “bəstəkarlar”ın və “müğənnilər”in evi yıxılacaq. Onlar özlərinə yeni peşə axtarmaq məcburiyyətində qalacaqlar. Çünki süni intelekt onlardan daha yaxşı məhsul hazırlayır. Lakin əsl sənətkarlar üçün heç bir qorxu yoxdur. Ona görə ki, insan duyğularla yaşayır. Musiqi də duyğulara bağlıdır. Süni intelekt nə qədər qabağa getsə də, insanın məhrəm duyğularını tam ifadə edə bilməz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO