Bakıda "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində ictimai müzakirə davam edir.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Toğrul Nəsirli çıxışında piyadaların yol hərəkəti qaydalarına əməl etməsinin vacibliyindən danışıb.
O bildirib ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında və digər informasiya resurslarında mütəmadi olaraq maarifləndirici materiallar paylaşılır. Buna baxmayaraq, bəzi piyadaların yol hərəkəti qaydalarına biganə yanaşması nəticəsində yol-nəqliyyat hadisələrinin baş verdiyi müşahidə olunur.
T.Nəsirlinin sözlərinə görə, qeydə alınan hadisələrin əhəmiyyətli hissəsi yeraltı və ya nizamlanan piyada keçidlərinin yaxınlıqda olmasına baxmayaraq, vətəndaşların yolu müəyyən edilməmiş yerlərdən keçməsi səbəbindən baş verir.
O, qeyd edib ki, yol-nəqliyyat hadisələrinin böyük hissəsində piyadalar iştirak edir.
Xüsusilə çoxzolaqlı yollarda piyadalar hərəkət zolaqlarının hamısını diqqətdə saxlamalı, hərəkət edən nəqliyyat vasitələrinin olub-olmadığını dəqiq qiymətləndirməlidirlər.
Mayor vurğulayıb ki, piyadaların mobil telefondan istifadə edərək yolu keçməsi də ciddi risk yaradır və diqqətin yayınmasına səbəb olur.
T.Nəsirli valideynlərin davranışının uşaqlar üçün nümunə olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, bəzi hallarda valideynlər vaxt itirməmək məqsədilə piyada keçidlərindən istifadə etmir və yolu müəyyən edilməmiş yerlərdən keçirlər. Bu isə uşaqlarda yanlış davranış vərdişlərinin formalaşmasına səbəb olur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi yol hərəkəti təhlükəsizliyinin artırılması üçün maarifləndirmə tədbirlərinin davam etdirilməsinin, həmçinin piyadaların şəxsi məsuliyyət hissinin gücləndirilməsinin vacib olduğunu bildirib.
Xədicə Paşayeva, Bizim.Media



































































































