Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində şair-yazıçı Gülmaya Feyruzqızı (İsmayılova) oxucularla görüşüb və yaradıcılığı barədə ətraflı məlumat verib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllif 12 kitabın müəllifidir.
MÖVZU İLƏ BAĞLI:
Natella Nurun “Xan qızı Natəvan” kitabı festivalda təqdim olundu - FOTO
Gülmaya Feyruzqızı yaradıcılığında əsasən vətənpərvərlik, şəhidlik, milli-mənəvi dəyərlər və insan duyğularını ön plana çıxarır. Müəllif həm şeir, həm hekayə, həm də roman janrlarında əsərlər qələmə alır.
Görüşdə bildirilib ki, yazıçı şəhid bacısıdır və qardaş həsrəti onun yaradıcılığına dərindən təsir göstərib. Müəllif şəhidlərimizə həsr etdiyi “Mən şəhid bacısıyam”, “Torpağa dönmüsən, Vətənləşmisən”, “Qalx ayağa, ulu torpaq, şəhid gəlir” və “Mən də bu Vətənin bir əsgəriyəm” kitablarında qəhrəmanlıq və Vətən sevgisi mövzularına geniş yer ayırıb.
Yazıçının “Bataqlıq”, “Tarixin ağrıları”, “Susan xatirələr”, “O tayda əlyazılar” və “Sevginin qisası” romanları da oxucular tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Gülmaya Feyruzqızı “Qızıl qələm”, “Xan qızı Natəvan” mükafatlarına və “Heydər Əliyev adına fəxri diplom”a layiq görülüb. O, həmçinin “Şairlər ocağı” ədəbi birliyinin rəhbəridir.
Xədicə Paşayeva, Şəfiqə Şəfa, Bizim.Media



































































































