Bu gün Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb.
Bizim.Media xəbər verir ki, iki gün davam edəcək Forum İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək.
Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır.
Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.
Fəridə, Bizim.Media
































































































