Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 15 milyard 891,1 milyon manat təşkil edib.
Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Hesabat dövründə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 0,6 % artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 10,5 % artaraq 6 milyard 775,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manat dəyərində, o cümlədən 15 milyard 36,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Ötən ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyriərzaq malları üzrə 5,2 % artıb.
Bizim.Media