"Turan Tovuz"un baş məşqçisi, təcrübəli mütəxəssis Kurban Berdıyev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış rusiyalı futbol agenti Timur Qurtskaya "Bu, futboldur, qardaş" verilişində bildirib.
Belə ki, təcrübəli çalışdırıcının adı Moskva "Lokomotiv"i ilə hallanmaqdadır. Paytaxt təmsilçisinin hazırkı baş məşqçisi Mixail Qalaktionovun mümkün istefası barədə fikirlərini bölüşən Qurtskaya "Lokomotiv" rəhbərliyinin məhz Berdıyev variantı üzərində düşündüyünü vurğulayıb.
"Mətbuatda bir namizədin adı hallanır, baxmayaraq ki, mən buna tam inanmıram. Söhbət Kurban Berdıyevdən gedir. Dəhlizlərdə onunla bağlı müzakirələrin getdiyini eşitmişəm. Düzdür, o, hazırda Azərbaycan çempionatında fəaliyyət göstərir. Lakin ehtimal edirəm ki, Berdıyevi oradan gətirmək, məsələn, Çerçesovu "Axmat"dan qoparmaqdan qat-qat asan başa gələr", - deyə agent əlavə edib.
Xatırladaq ki, "Turan Tovuz" rəhbərliyi cəmi bir neçə gün öncə Kurban Berdıyevlə müqavilə müddətinin daha iki il müddətinə yeniləndiyini rəsmən açıqlamışdı.
Qeyd edək ki, 73 yaşlı çalışdırıcı geridə qalan mövsümdə Tovuz klubu ilə Azərbaycan çempionatının bürünc medallarına sahib çıxmışdı.
Bizim.Media


































































































