Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlsenə qalib gəldiyinə inana bilməyib.
Bizim.Media xəbər verir ki, 21 yaşlı şahmatçı bu barədə “report.az”a açıqlama verib.
O, Honq Konqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatındakı qarşılaşmanı xatırlayıb:
"Qələbədən sonra özümə gələ bilmirdim. Karlseni məğlub etdiyim oyunu hisslərlə ifadə etmək çətindir. Həmin an çox həyəcanlı idim. Maqnus Karlsenə qalib gəldiyimə inana bilmirdim. Bu, mənim üçün çox unudulmaz an idi. Düşünürəm ki, qalibiyyət, həmin andakı hisslər bir müddət ağlımda qalacaq. Bunları sözlə ifadə etmək çətindir. O, dünyanın gəlmiş-keçmiş ən yaxşı şahmatçısıdır. Bu təkcə mənə görə yox, çox insana görə belədir. Karlsenə qalib gəlmək qürurvericidir. Ümid edirəm ki, bundan sonra da o səviyyədə oyunçularla daha çox mübarizə apararam və yaxşı nəticə göstərərəm".
A.Süleymanlı Honq Konqdakı turnir haqqında da fikirlərini bölüşüb:
"Bu yarışda ilk dəfə çıxış edirdim. "Odlar yurdu" komandası ilə qatılmaq qismət oldu. Bu komandanın yaranmasında əsas pay sahibi Azərbaycan Şahmat Federasiyası və Rauf Məmmədovdur. Rauf belə bir kollektivin qurulması ilə bağlı ideya irəli sürmüşdü. Komandamız gənclərdən ibarətdir. Düşünürəm ki, yarışda da yaxşı mübarizə apardıq.
Rapid mərhələsində Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazandıq. Onların digər üzvləri də dünyanın ən yaxşıları sırasındadır. Hamımız yaxşı oynadıq və mübarizə apardıq. "KazChess" komandasını da məğlub etdik. Onların heyətində Şəhriyar Məmmədyarov da oynayırdı. Düşünürəm ki, bu turnirdə yaxşı iştirak etdik".
Xatırladaq ki, "Odlar Yurdu" blits üzrə turnirin 1/8 finalında Özbəkistana məğlub olub. Komanda rapid üzrə mübarzədə isə 15 xalla 11-ci yeri tutub.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:18 / 22.06.2026
Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"
Hazırda oxunan: Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"
Hazırda oxunan: Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"
620851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































