Milli Qvardiyanın keçmiş komandiri gəncəli komandirin vurulması sirrini açır...
Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:
Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdirmədiyini görüb Gəncə hadisələrinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacaqsınız.
Əvvəli burada---moderator.az/?xeber=50571
...Düzü, elə bilmişdim ki, mənimlə zarafat edirlər. Zirzəmidə qvardiyaçıların göstərdikləri tərəfə gedəndə həqiqətən bacım oğlu İbrahimov Fərman Fətəli oğlunun səsini eşitmişdim. Pəncərəyə qalxanda onu görmüşdüm. Həyat yoldaşımla gəlmişdi. Düzü, onları görəndə sevinsəm də təhlükəsizlikləri baxımından narahatçılıq keçirmişdim və tez çıxıb getmələrin tələb etmişdim. Onlara bildirmişdim ki, məndən narahat olmasınlar, çıxıb evə getsinlər. Həyat yoldaşımla bir yerdə müavinim Hüseynli Hikmətin həyat yoldaşı da gəlmişdi. Bu zaman çox gülməli bir əhvalat baş vermişdi. Sən demə, Hüseynli Hikmət Gəncəyə gələndə bir “06 jiquli”nin pulunu özü ilə Gəncəyə gətirib. İndi də pul üstündədir. Bilmir pulu yoldaşına necə versin. Küçə tərəfdə bizim keşiyimizi çəkən əsgərlər də söhbət etməyə imkan vermirdilər. Bacım oğlu Fərman İbrahimov küçədəki əsgəri hörmət etmək adı ilə kənara çəkib başını qatmışdı. Bundan istifadə edən Hikmət pulu pəncərənin dəliyindən yoldaşına verə bilmişdi. Sonra onlar çıxıb getmişdilər. Prokurorluq işçiləri məndən başqa axşama qədər burada saxlanlan zabit heyətinin əksəriyyətindən izahat almışdılar. Axşam üstü bizə yenə bir tikə nəm qara çörək və kələm supu vermişdilər. Bu gün yaxşı ki, prokurorluq işçiləri gəlmişdilər. Neçə gün idi ki,100-150 nəfər adamı ayaq yolu olmayan bir kartoşka anbarına salmışdılar. Heç olmasa əlimizə düşən bu fürsətdən istifadə edib əl-üzümüzü yuya bilmişdik.
Hərbi prokurorluq işçiləri gedəndən biraz sonra axşam təxminən saat 20-21 radələrində qəribə bir əhvalat baş vermişdi. Saxlanıldığımız zirzəminin qapısı açılmışdı, bura bir polis formasında leytenant yanında da 5-10 nəfər silahlı hərbçi daxil olmuşdu. Onlar içəri girib çox aqressiv şəkildə tələb edirdilər ki, hamı sıraya duzülsun. MTN xüsusi təyinatlı dəstəsinin komandiri polkovnik Eldar Əhmədov irəli durub gələn leytenantdan soruşmuşdu ki, yenə nə məsələdir nə istəyirsiniz, gecənin bu vaxtı. Gələn polis leytenantı çox ötkəmli bir şəkildə bildirirdi ki, Gəncə taborunun komandiri Mehman Ələkbərovu güllələyən adam sizin içərinizdədir. Gəlmişik onu aparmağa. Durun hamınız sıraya düzülün. Mehmanı vuran adamı gəncəlilər çox gözəl tanıyırlar. Onun qanını yerdə qoymaram, qalxın. Mehmanı vuran adamı tanıyanlar mənimlə gəlib. Həmin adam sıradan qabağa çıxsın. Burada saxlanılanlar hamısı bir-birinin üzünə baxırdı. Heç kim qabağa çıxmamışdı. Bu zaman polis leytenantının göstərişi ilə Mehmanı vuran adamı tanıyan mülki və hərbi formada olan adamlar içəri girmişdilər. Bizi həmin adamların önündən keçirdirdilər. Həmin adamlar sıradan şübhələnib çıxartdıqları 20-25 nəfər hərbçini bir qıraqda saxlamışdılar. Bunların içərisində mən tanıdığım MTN xüsusi təyinatlı dəstəsinin komandir müavini polkovnik Rüfət müəllim, qvardiyaçı Məhərəmov Ədalət Şirin oğlu da var idi. Digərlərini isə tanımırdım. Onlar şübhəli sayıb sıradan çıxartdıqları adamları bir də nəzərdən keçirəndən sonra hamısını buraxıb Ədaləti saxlamışdılar. Onlardan birisi Ədalətə tərəf dönərək qəflətən ona bir şillə vurmuşdu və demişdi ki, Mehmanı vuran bu idi. Onların bu hərəkətindən hamı çaşıb qalmışdı, heç kim dinmirdi. Onların önündən keçən hər bir şəxsin hansı hisslər keçirdiyini göydəki o bir Allah bilirdi. Qvardiyaçıların bu neçə gündəki danışdıqları söhbətlərdən eşitmişdim ki, 4 iyun 1993 cü il tarixində təxminən gündüz saat 12 radələrində Mehman əlində ağ bayraq hasara yaxınlaşan zaman onu özünkülər arxadan güllə ilə vurublar. Bu hadisəni Surətçilər tərəfindən saxlanıldığmız hərbi hissənin yeraltı istehkamlarında bizim mühafizəmizi çəkən əsgərlərin dilindən də eşitmişdik. Hətta həmin əsgərlər onların tabor komandiri olmuş Mehman Ələkbərov arxadan vuran cani, nəşəxor olan həmin adamı tanıyırdılar. Onun adı deyəsən Natiq idi. Üzündə də capıq vardı. Nahaq böhtana tuş gəlmiş Ədalət Məhərrəmovun hirsindən dili tutulmuşdu. Mən həmin adamların Ədaləti apardığın görəndə özümü saxlaya bilməyib onların üstünə getmişdim və soruşmuşdum siz nə edirsiniz, günahsız adamı hara aparırsınız? Mən ora gələn polis leytenantından kimliyini soruşmuşdum. O mənə demişdi ki, Gəncə şəhər polis idarəsinin müstəntiqidir, həm də ölən Ələkbərov Mehman Ələkbər oğlunun qardaşıdır. Ona üzümü tutub demişdim ki, Allah Mehmana rəhmət eləsin. Siz çox ağır dərdə düşmüsünüz. Mən sizi başa düşürəm, bilmədən əliniz nahaq qana bata bilər. Mən eşitdiyimə görə rəhmətlik Mehman gündüz saat 12 radələrində vurulub, özü də arxadan. Onu 5,45 markalı avtomatdan atlıan güllə ilə vurublar. Hadisə baş verən günü sizinkilər Milli Qvardiyaçıların silahların yoxlayıblar. Hadisə yerinə yaxın olan Milli Qvardiyaçılarda 5,45 markalı avtomat olmayıb. Aparmaq istədiyiniz Ədalət Məhərəmov mənim tabeçiliyimdə Gəncəyə gələn qvardiyaçılardan biridir. Biz Bakıdan Gəncəyə 4 iyun 1993 cü il tarixin-də saat 16-00 da uçmuşuq. Şübhələndiyiniz bu adam isə mənimlə bərabər Gəncəyə gəlib. Yoxlaya bilərsiniz. Mənim bu sözümdən sonra həmin polis işçisi tərəddüd etmişdi. Ədaləti nişan verən mülki şəxs isə dediyindən dönmüirdü. O əlavə olaraq bildirirdi ki, ondan başqa da Mehmanı vuranı tanıyanlar var. Həmin adamlardan biri yaralıdır, Gəncə hərbi xəstəxanasında yatır. Onlar Ədalət Məhərəmovu götürüb aparmışdılar. Ədalətlə bərabər sıradan çıxarılan MTN xüsusi təyinatlı dəstəsinin komandir müavini onlar gedəndən sonra yaxınlaşıb mənə minnətdarlığını bildirmişdi. O mənə demişdi ki, sən düz elədin, o oğlanın qanının arasına girdin. Yoxsa onu aparıb bu vəhşilər güllələyəcəkdilər. O heç nəyi sübut edə bilməyəcəkdi. Mən ona demişdim ki, Ədalətin aparılmasının qarşısın ala bilməsəm də bildik ki, kim apardı. Ədalət aparılandan 3-4 saat sonra gecə təxminən 1-2 radələrində geri qaytarılmışdı. O yanıma gəlib əyləşmişdi, bir siqaret yandırıb dərindən tüstüsünü ciyərinə çəkərək bircə onu dedi ki, komandir, sən məni ölümdən qurtardın. Məni apardılar xəstəxanaya bir yaralı üzümə baxıb dedi ki, deyəsən bu idi. Orada az qalırdılar məni parçalasınlar. Mən üzümü Mehmanın qardaşına tutub demişdim ki, gəl sən məni nahaq yerə güdaza vermə. Şuşanın Daşaltı kəndində ermənilər məni öldürə bilmədilər, indi siz nahaq yerə öldürəcəksiniz. Bu sözdən sonra məni kiməsə oxşadan həmin yaralı gah nala, gah mıxa vurdu, gah oxşatdı, gah oxşatmadı. İndi gətirdilər, səhər bir də gəlib aparacaqlar.
10 iyun 1993 cü il tarixində səhər saat 9 radələrində yenidən dunən gələn polis leytenantı biz saxlanılan zirzəmiyə gəlib məni və Ədalət Məhərəmovu çölə çıxartdırmışdı. Çöldə o məndən xahiş etmişdi ki, qardaşı Mehmanın ölümü ilə əlaqədar Gəncə polis idarəsinin rəisinin adına izahat yazım və əlavə olaraq bildirirdi ki, çox sağ ol, dünən qoymadın mənim əlim nahaq qana batsın. Səndən xahiş edirəm mənə kömək et, qardaşımın qatilini tapım. Sizin qvardiyaçılar bilir mənim qardaşımı kim vurub. Mən ona demişdim ki, düzü, sizin qardaşınızı kim vurduğun dəqiq bilmirəm, ancaq eşitdiymə görə onu öz yoldaşları arxadan vurublar. Bu məncə belədir. O mənə demişdi ki, bilirsən, sizin Milli qvardiyanın komandanı mərhum Tahir Məmmədov mənim yerlimdir. Biz Gədəbəy rayonunun İvanovka kəndindənik. Hətta bir-birimizə qohumluğumuz çatır. Mehmanı da, Tahiri də vuran adam eyni adamlardır. Onarın hər ikisi bir kənddə torpağa tapşırıldı. Bu sözdən sonra onun gözləri yaşla dolmuşdu. İndinin ozündə də həmin polis leytenantının yaş dolmuş gözləri gözümün önündədir. Biz Gəncə şəhər polis idarəsinin rəisinin adına izahat yazıb yenidən zirzəmiyə qaytarılmışdıq. O polis leytenantını bu günə kimi bir daha görmədim. Onun dedikləri hələ də mənim üçün qaranlıq olaraq qalmaqdadı.
10 iyun tarixində saat 12 radələrində yenidən hay-küy düşmüşdü. Təzədən bizim hamımızı zirzəmidən çölə çıxardıb iki cərgə dairəvi şəkildə sıraya düzdürmüşdülər. Hərbi prokurorluğun işçilərinin şəxsən icazəsi və iştirakı iıə video çəkiliş aparırdılar. Hərbi prokuratura işçilərinin əsas məqsədləri yaranmış vəziyyətdən istifadə edib, burada əsir olan rəhbər komandir heyyətindən Surət Hüseynovun birbaşa güclü təsiri altında Gəncə hadisələri ilə bağlı çəkliş aparıb, ölkə rəhbərliyinin əleyhinə fikirlər səsləndirib, güclü təsiredici ifadələr almaq idi. Onların hərəkətlərində bütün bu əcaiblik hiss olunurdu. Məndən qabaq məcburi çıxış etməyə təhrik edilən komandirlərə verilən suallarda bu açıq aydın özünü biruzə verirdi. Hərbi prokurorun göstərişi ilə çəkliş aparan video operator mənə yaxınlaşanda mən çıxış etmək istəmədim. Bunu görən hərbi prokuror özü mənə yaxınlaşıb, kamera qabağında onun verdiyi suallara cavab veməyimi xahiş etdi. Mən onun suallarına cavab olaraq bildirdim ki, biz bura Gəncə və Kəlbəcər istiqamətində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmək üçün gəlmişik. Hər hansı bir hərbi hissəni tərksilah etmək üçün gəlməmişik. Əgər hər hansı hərbi hissəni əmr olmadan tərksilah edəcəyimizi bilsəydik yəqin ki, bundan imtina edərdik, yox əgər bilə-bilə gəlsəydik, heç vaxtı silahımızı əldən verməzdik. Bizim hal-hazırkı vəziyyətimizlə maraqlandıqda mən açıq-aydın bildirmişdim ki, bizi donuz damında ac-susuz saxlayırlar, vəziyyətimiz həddindənən artıq acınacaqlıdır. Mənim bu sözümdən sonra video ekranı qarşısında pis vəziyyətdə qalan prokuror bizə söz vermişdi ki, o bu gün bizi azad etdirəcək. Çəkiliş qutarandan sonra bizi yenidən zirzəmiyə doldurmuşdular. Biz çöldə olan zaman Milli Qvardiya alayında alay nöbətçisi vəzifəsində xidmət edən kapitan Kamil Məmmədov gəlib Surət Hüseynovun icazəsi ilə Milli Qvardiya alayında tibb yardımçısı vəzifəsində xidmət edən və bizimlə birlikdə saxlanılan oğlu Məmmədov Namiq Kamil oğlunu götürüb aparmışdı. Bura gələndə və Surət Hüseynovun icazəsi ilə oğlunu aparanda heç bizə salam da verməmişdi. Kamil Məmmədov qərbi Azərbaycanlı qaçqınlarından idi. Xocalı şəhərində məskunlaşmışlardan sayılırdı. Xocalı hadisəsi baş verməmişdən bir ay qabaq İlk Milli Qvardiyaçı zabitlərdən biri olan Elman Qurbanovun vasitəsi ilə Milli Qvardiya sıralarına qəbul edilmişdi. Operatif əməliyyat növbətçisi vəzifəsində xidmət edirdi. Özü Dağlıq Qarabağ zonasında Milli Qvardiyanın tərkibində döyüş əməliyyatlarında iştirak etməsə də oğlu cəsur və mərd döyüşçü idi. Ondan bir az sonra Milli Qvardiya alayının birinci taborunun komandiri mayor Yusifov Akif İsaxan oğlu Gəncədəki qiyamçı hərbi hissənin tərkibində xidmət edən bir yaxın hərbçi qohumunun vasitəsi ilə aradan çıxa bilmişdi. Həmin günün axşamı, yəni 10 iyun 1993 cü il tarixində axşamüstü təxminən saat 19.20 radələrində Gəncə hərbi prokurorunun bizə verdiyi sözün əksinə olaraq bizi qapalı türmə maşınlarına doldurub Gəncə türməsinə apartdırmışdlar. Bizi Gəncə şəhər türməsinin rəisi çox yaxşı tanıdığım Ukalayev Ramazan və onun mavini Dəmir Gözəlov qarşılamışdı. Bizi başdan ayağa türmə nəzarətçilər yoxlayıb kameralara salanda könə həyati təcrübəmdən istifadə edərək rəisin yaxın tanışı kimi özümü göstərərək yoxlama zamanı nəzarətçinin başını qatıb Milli Qvardiya leytenantı Rzazadə Gena Dilavər oğlunun üstündəki Zakir Ağayarova məxsus Çexoslavakiyada istehsal olunan tapançanı kamereya keçirdə bilmişdik. Bizi kameralara bölüşdürürdülər. 28 nəfər zabiti 46 saylı balaca bir kameraya salmışdılar. Bu xidmət mənə çox tanış idi. Ömrümün 14 ilini gənc vaxtlarımda bu xidmət sahəsinə həsr etmişdim. Bir neçə islah əmək müəssəsində bölük komandirinin müavini, bölük komandiri vəzifəsinə qədər yüksəlmişdim. Bu illər ərzində respublikada barmaqla göstərilən çox güclü əməliyyatçılardan Borisenko Viktor Nikolayeviçdən, Səməd Gürzəliyevdən, Misir Əliyevdən, Ramiz Baxışovdan operativ əməliyyat sirlərini öyrənmişdim. İş o yerə gəlib çatmışdı ki, əldə olunan operativ əməliyyat məlumatlarının əldə edilməsi zamanı onlarla daban-dabana irəliləyirdim. Bu gün həyatda və cəmiyyətdə tutduğum mövqeyə görə həmin adamlara minnətdaram. Onların qarşısında baş əyirəm.
Türmədə bizi yoxlayandan sonra iki hissəyə bölmüşdülər. Qvardiyaçıların əsas hissəsi MTN əməkdaşları ilə bir kameraya düşmüşdülər. Kameralarımız türmənin birinci mərtəbəsində bir- birinə yaxın məsafədə yerləşirdi. Düzdür, uzun müddət İslah əmək müəssələrində işləsəm də türmədəki şəraitlə birinci dəfə tanış olurdum. Buradakı qapalı şərait islah əmək müəssələrindəki müvəqqəti saxlama kameralarından o qədər də fərqlənmirdi. Belə qapalı tipli türmə müəssisəsi Azərbaycanda cəmi dörd ədəd idi. Bunların ikisi Bakıda (Bayılda və Şüvalanda), biri Şuşada, biri isə Gəncə şəhərində tikilmişdi. Şuşa şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunandan sonra türmənin işçi heyyəti Gəncə türməsində yerləşdirilmişdi. Gəncə türməsində yerləşdirildiyimiz kameraya məhz Şuşa türməsinin nəzarətçiləri nəzarət edirdilər. Bu kameralara nəzarət edən nəzarətçi ilk dəqiqədən (baxmayaraq biz onunla paqon yoldaşları idik üstümüzdə heç bir məhkəmə hökmü yox idi.) bizimlə kobud rəftar etməyə başlamışdı. Bizi kameraya salan kimi kameranın hava gələn pəncərəsini o dəqiqə hirsli şəkildə bağlamışdı...
Ardı var...









































































































