23 il əvvəl fevralın 26-a keçən gecə Ermənistan ordusunun Xocalıda törətdiyi soyqırım faktından isə xalq və dünya ictimaiyyəti bir az gec telereportyor Çingiz Mustafayevin çəkdiklərindən sonra xəbər tutdu. Xocalıda aman verilmədən vəhşicəsinə qətlə yetirilən dinc sakinlərə qucaq açmış çöllüyün, meşəliyin və meyit dolu məscidin görüntüləri o dəhşətin mənzərəsini canlandırdı.
Fevralın 26-sı Ağdam qana batmışdı. Xocalının qanına. Məscidə gətirilən meyitlərin sayı nə bir idi, nə də beş. Telejurnalist Çingiz Mustafayev əvvəlcə kadrları xarici jurnalistlərlə birlikdə hadisə rayonunda çəkmişdi.
İndi burada çəkirdi. Məscidin həyətində. Heç kim bu qanlı səhnəyə tamaşa etmək istəməzdi. Amma müharibənin üzü sərtdir. O insanları da bacardıqca özünə oxşadır. Ona görə də, maşının yük yerindən boşaldılan meyitləri insanlar soyuq baxışları, təmkinli hərəkətlərilə məscidə götürürlər.
“Orda kimsəsiz bir uşaq gördüm, ora-bura qaçaraq doğmalarını axtarırdı, amma tapa bilmirdi. Mən o uşağı üç gün ərzində özümlə evə aparıb gətirdim. Sonda məlum oldu ki, qaçaqaçda ayaqyalın başı açıq uşağı bağrına basıb qaçanda ayağından güllə dəyib. O da ayağını don vurduğunu hiss etməyib. Uşağın anası bir qədər qaçandan sonra huşunu itirib. Uşaq anasız qalıb. Amma uşağın atasını tapıb, ona təhvil verdim”x9d, - deyə hadisənin şahidi German Hüseynov bildirib.
“Gördüm ki, yaşlı bir qadın qışqırır, güllə belindən dəymişdi. Qadını kürəyimə almışdım. O deyirdi ki, məni burada qoymayın. Yolun yarısında qadın öldü”x9d, - deyə Xocalıdan yaralı və meyitləri çıxaran Zahid Qarayev bildirdi.
Xocalı sakini Fazil Salahovun sözlərinə görə, kiçik bir küçədə ümumilikdə qohum-əqrəbə daxil 42 nəfər öldü, hər evə iki nəfər düşür.
Xocalını Qarabağın onurğa sütünu adlandırırdılar. Təəssüf ki, Azərbaycanın onurğa sütunu 1992-ci ilin fevralında qırıldı. Paytaxtda qırılan isə həmin günlərdə Ali Sovetin şüşələriydi. Xalq hakimiyyəti istefaya çağırırdı.
Çöldə istefa tələbləri səslənərkən zalda da Xocalı müsibətinin parlamentdə deputatlara nümayişi tələbi səslənirdi. Nə qədər qəribə olsa da, Ali Sovetin rəhbərliyi kadrlara baxmaq üçün tərəddüd edirdi. Yetərsayın olmadığı əsas gətirilirdi.
Amma sonda kadrlara da, deməli həqiqətin gözünə də baxdılar. Kim necə baxdı, bilmirəm. Bircə onu bilirəm ki, əgər baxa bildiksə, bunun üçün ilk növbədə Çingizə borcluyuq.
“Xocalı sözünü eşidəndə ilk öncə Çingiz yadıma düşür. Mən də jurnalist olmuşam. Biz öz vəzifəmizi yerinə yetiririk. Çingiz isə fərqli idi. Çingiz kameranı kənara qoyub qaçanlara, niyə qaçırsız, utanmırsız? deyə öz iradını bildirirdi”x9d, telejurnalist Mais Məmmədov dedi.
O, Xocalı qətliamını təkcə kamerası ilə çəkmədi, bu dəhşəti həm də ürək ağrısı ilə çəkdi. Sağ olsaydı, əlin var olsun Çingiz deyərdik. Təəssüf ki, başın sağ olsun vətən deyirik.
Allah rəhmət eləsin!






































































































