“Həzi Aslanov” metro stansiyasının perron boyunca divarlarında suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətlərinin görünməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb.
Metropolitenin bəzi hallarda baş verən qısaqapanmalar da bu sızmalarla əlaqələndirilib.
Həmçinin, stansiyaya yaxın ərazidə inşa edilən tikililərin də bu kimi sızma hallarına səbəb olduğu deyilir.
Maraqlıdır, bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Su sızmalarının qarşısının alınması ilə bağlı hansı işlər görülür?
Bakı Metropoliteni QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub:
“Həzi Aslanov” stansiyası 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib. Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.
Məhz bu amillər nəzərə alınaraq, 30 noyabr 2024-cü il tarixindən etibarən stansiyanın dalan yolunda planlı əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.
Qeyd edək ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır.
“Həzi Aslanov” stansiyasının yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.
Bununla yanaşı, stansiya daim nəzarətdə saxlanılır, mütəmadi texniki baxış və qulluq işləri aparılır. Qrunt suları və yağıntıların təsiri nəzarət altındadır, təhlükəsiz istismar tam təmin olunur”.


Naibə Məmmədova, Bizim.Media

































































































