“Kiminsə çörəyini yeyirsənsə, deməli ona qulsan”

“Kiminsə çörəyini yeyirsənsə, deməli ona qulsan”

Hazırda oxunan: “Kiminsə çörəyini yeyirsənsə, deməli ona qulsan”

60236

Son günlər “prezidentin çörəyi”, “prezidentin əsgəri” və s. kimi ifadələrə yalnız ayrı-ayrı dövlət qurumlarında, icra hakimiyyəti orqanlarında deyil, həm də Milli Məclisdə tez-tez rast gəlinir. Bəzi millət vəkilləri mediaya verdikləri açıqlamalarda prezidentin çörəyini yediklərini, prezidentə xidmət etdiklərini iftixar hissi ilə bildirir, bunu dönə-dönə diqqətə çatdırmağa cəhd edirlər. Maraqlıdır, millət vəkilləri kimin çörəyini yeməlidir ”“ prezidentin, xalqın, yoxsa öz zəhmətlərinin? Formal da olsa xalqın seçdiyi, parlamentdə xalqı təmsil etməli olan millət vəkillərinin özünü prezidentə borclu bilməsi, ona etimad göstərən insnaların deyil, prezidentin çörəyini yediyini iddia etməsi nə dərəcədə məntiqlidir? Ən əsası, özünü xalq deyil, sadəcə prezident qarşısında borclu hiss edən bir millət vəkilinin xalqa xidmət etməsi mümkündürmü?

Bununla bağlı Moderator.az saytı və "Hürriyyət" qəzetinə açıqlama verən istiqlalçı deputatlardan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov isə bu cür açıqlamaların gülünc olduğunu vurğuladı. Sabiq millət vəkilinin bildirdiyinə görə, baş verənləri həm də Azərbaycanın faciəsi kimi qiymətləndirmək mümkündür:

“Təbii ki, millət vəkilinin prezidentin çörəyini yeməsini bildirməsi çox gülüncdür. Bilirsinizmi, bu, Azərbaycanın faciəsidir. Millət vəkilinin düşüncəsinə baxın? Onun mühakiməsinə baxın? Görün onun özü özünü necə aşağılayır. Əslində bu insanlar o cür danışmaqla özlərini aşağılayırlar. Özlərinin şəxsiyyətini heçə endirirlər. Bu, biabırçılıq və faciədir. Hər kəs öz təfəkkürünün, zehninin, düşüncəsinin, yaradıcılığının, əl əməyinin hesabına yaşamalıdır. Ya zehni, ya da fiziki əmək hesabına hər kəs öz ehtiyaclarını qarşılamalıdır. Yoxsa kiminsə körəyini yeyirsənsə deməli, sən ona nökərsən, sən ona qulsan. Deməli sənin şəxsiyyətin yoxdur. Deməli sən şəxsiyyətli adam deyilsən. Bu, özü-özünü ifşa etmək deməkdir. Bu, rüsvayçılıqdır. Milli Məclisdə oturanları danışdırsaq, onların 80%-i bu cür danışacaq. Onların 80%-i deyəcək ki, bəli, biz prezidentin çörəyini yeyirik. Amma bir tərəfdən də düz deyirlər. Çünki onları xalq seçməyib. Onlar prezidentin razılığı, prezidentə yaxın şəxslərin tövsiyyəsi ilə deputat olublar. Başqa sözlə desək, təyin olunublar. Onlar xalq tərəfindən seçilməyiblər. Buna görə də bu şəxslər bu cür danışır”.
H.Əzimovun bildirdiyinə görə, bu açıqlamaların özü də mövcud parlamentin legitim olmadığını göstərir:

“Bütün bunlar göstərir ki, Milli Məclis qeyri-legitimdir. Bu Milli Məclisi xalq seçməyib. Onların xalqın adından danışmağa mənəvi haqları yoxdur və elə danışmırlar da. Xalqı düşünmürlər də. Onların əksəriyyəti bizneslə məşğuldurlar, biznesmen kimi düşünürlər. Bunları yalnız maddi maraq düşündürür. Nə dövlətçilik mənafeyi, nə milli mənafe onları maraqlandırmır. Milli Məclisdəkilərin böyük əksəriyyəti bu cür adamlardır. Tək-tək adamlar var ki, onlar hörmətə layiqdirlər. Milləti düşünürlər. Onların sayı çox azdır. Buna görə də mən dəfələrlə demişəm ki, bu Milli Məclis konstitusiyanın müvafiq maddələrinə zidd olaraq fəaliyyət göstərir”.
İstiqlalçı deputatın sözlərinə görə, faktiki olaraq konstitusiyanın bir çox tələbi nəzərə alınmır: “Baxın, konstitusiya millət vəkili icra strukturunda çalışmasını, bizneslə məşğul olmasını qadağan edir. Əgər kimsə bizneslə məşğul olursa, o zaman həmin şəxs Milli Məclisdən istefa verməlidir. Mili Məclisin layiqli deputatlarından biri olan İlyas İsmayılov bu barədə məhkəməyə də, MSK-ya müraciət edib ki, bizneslə məşğul olanlar, icra hakimiyyəti sistemində işləyənlər deputat ola bilməzlər. Bu, konstitusiya və qanunvericiliyə ziddir. İndiki halda MSK-nın borcudur ki, bu cür millət vəkillərini səlahiyyətdən məhrum etsin. Qanunvericiliklə bu məsələ MSK-ya tapşırılıb. MSK isə bununla məşğul olmur. MSK heç İlyas müəllim kimi nüfuzlu bir hüquqşünasın məktubuna belə cavab vermir. Bunlar biabırçılıqdır. Mən də bir dəfə bizim İstitlalçı Deputatlar Məclisinin istəyi ilə Milli Məclisin qeyri-legitim olması ilə bağlı bir bəyanat hazırladım. Bunu yaydıq. Orada mən əsaslandırmışdım ki, mövcud Milli Məclis qeyri-legitimdir, bu, buraxılmalıdır. Bu bir həqiqətdir. Azərbaycanın qanunvericiliyi, konstitusiyası tələb edir ki, bu Milli Məclis buraxılsın. Prezidentin çörəyini yediklərini söyləyən millət vəkilləri bu ada layiq deyillər. Onlar ancaq Azərbaycan dövlətçiliyinə, Azərbaycanın qanunverici hakimiyyətinə ləkə gətirirlər”.

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO