Mayın 13-də Binəqədi Rayon Məhkəməsində Azərbaycan əslli alman vətəndaşı Vüsal Şilderin ötən ilin 2 mayında qətlə yetiriməsindən 20 gün əvvəl-aprelin 11-də maşınından guya narkotik tapılması üçün cinayətkar bir şəbəkənin uğursuz əməliyyatından bəhs edən, yəni “iş başında” yaxalanan 4 nəfər təqsirləndirlən şəxslərin məhkəmə prosesi sona yaxınlaşıb. Dövlət ittihamçısının təqsirləndirilən İlham Məmmədova və Qurban Novruzova 8 il, Kənan Babayevə və Türkiyə vətəndaşı Yaşar Sumerə 7 il iş istədiyi prosesdə zərərçəkmişlərin nümayəndəsi Aslan İsmayılov da çıxış edib. Moderator.az həmin çıxışınsonuncuhissəsinitəqdimedir.
Əvvəli .....“Mayın 2-də Vüsal Şilder qətlə yetirilməsəydi...”
“...Əlbəttə ki, bütün polis bölmələrində istənilən cinayət işiylə bağlı polis rəisləri və ya onların müavinləri gördükləri işi cəmiyyətə göstərmək və xüsusilə rəhbərlik qarşısında fərqlənmək üçün böyük canfəşanlıq edirlər və telekanalları da dəvət edərək öz uğurlarını nümayiş etdirirlər. Kənan Babayev da bunu bu cür izah elədi. Mən bu izahatı məmnuniyyətlə qəbul edərdim. Amma Kənan Babayev bu məhkəmədə izah edə bilmədi ki, nə üçün ona İlham Məmmədov tərəfindən hansı məlumat verildikdən sonra Vüsal Şilderi və Qurban Novruzovu polis bölməsinə gətirilməsinə göstəriş verib. Əgər yol-nəqliyyat hadisəsi idisə, bunun Kənan Babayevə heç bir aidiyyatı yox idi. Sadəcə zəng olunub hadisə yerinə DYP müfəttişləri çağıraraq baş verən hadisənin rəsmiləşdirilməsini həyata keçirmək olardı. Biz də bunu müşahidə etdik və iş üzrə verilən xasiyyətnamələr də ona dəlalət edir ki, Kənan Babayevin Binəqədi rayon Polis İdarəsi rəisi ilə münasibətləri heç də xoşagələn olmayıb. Maraqlıdır, İlham Məmmədəov dəfələrlə bir vəzifədən o biri vəzifəyə keçirilərək vəzifəsi işdə yol verdiyi nöqsanlara görə hər dəfə kiçildilsə də Binəqədi Polis İdarəsinin rəisi İlham Məmmədova müsbət xarakteristika verib. Halbuki Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyatçısı olan birisinin gəlib Binəqədi rayonunda mühafizə xidmətində işləməsi ən böyük töhmətdir. Amma İlham Məmmədova müsbət xarakteristika verənlər Kənan Babayevə mənfi xarakteristika veriblər. Hərçənd ki, o sonra bölmə rəsi ilə onu düzəltdi. Amma Kənan Babayev Vüsal Şilderi nə üçün bölməyə gətirdiyini nə məhkəmə zalında, nə də biz zərərçəkənlərə izah edə bilmədi. Əgər Kənan Babayev rəhbərlik qarşısında fərqlənmək istəyirdisə və İlham Məmmədov ona zəng edərək “filan yerdə narkotik var, gedin onları satanları tutub gətirin”, o zaman buna inanmaq olardı. Ona görə də hesab edirəm ki, Kənan Babayevin də bu iş üzrə təqsiri kifayət qədər sübut olunub. Hörmətli məhkəmə! Proses dövrü təqsirləndirilən şəxslərin hər biri özlərini imam övladı kimi təqdim etməyə çalışırlar və bu cinayət işinə təsadüfən qoşulduqlarını deyirlər. İlham Məmmədovun bu işdəki rolu bəllidir və o öz ifadəsində deyir ki, qohumu olan Taryel Ağayevin qızı ilə bağlı Vüsal Şilderin problemi olduğuna görə istəyirdim ki, onun telefonuna baxam. O Vüsalı dəfələrlə təqib etdiyini də boynuna alır. Yəni onun motivi bəllidir. Məhz ona görə Vüsal Şilderi polis bölməsinə gətirib onun telekenallara çəkilişini təmin etmək və Taryel Ağayevin də ANS-dəki bu çəkilişə baxmasına nail olmaq istəyir ki, Vüsalın bir narkoman olduğunu uydurub onunla Lalənin münasibətlərinə son qoyulsun. Hörmətli məhkəmə! Əslində bu sinayət işi üzrə ən maraqlı məqam məhz Lalə Ağayevanın ifadəsi olmalıydı. Ancaq o yoxdur. Lalə Ağayevanın ifadəsi sadəcə bir abzsadan və 4 sətirdən ibarətdir. Hərçənd ki, Lalə Ağayeva ilə Vüsal Şilder uzun müddət bir-birini tanıyıblar. Bu gün də bir dəfə də olsun Vüsal Şilderin anası Mətanət xanım oğlunun ölümünə bais olan Lalə Ağayeva ilə bağlı bir kəlmə də olsun pis ifadə işlətmədi və hər dəfə də dedi ki, mən onların münasibətinə hörmətlə yanaşdım və bu gün də yanaşıram. Amma Lalənin valideynlərinin iki gəncin bu münasibətinə qarşı çıxması və İlham Məmmədova verilən sifarişin nəticəsidir. Qurban Novruzov məhkəmə iclasında çox böyük günah işlətmədiyini dedi. Amma onun ifadələrinə fikir versək, iş materiallarından görünür ki, Qurban Novruzov təklif olunan pul müqabilində istənilən cinayətə gedəcək birisidir. Baxın, əvvəl razılaşmır,məbləğ artırılandan sonra razılaşır, təkrar razılaşmır, növbəti dəfə də məbləğ artırılandan sonra razılaşır. İş materiallarından görünür ki, hətta həmin cinayət törədiləndən sonra da Qurban Novruzov İlham Məmmədovla dava-qırğına çıxır ki, vəd edilmiş pullar ona verilməlidir. Bunun üstündə onun Yaşar Sumerlə də çoxlu mübahisəsi olur. Yaşar Sumer məhkəmə iclasında dəfələrlə özünün türk olduğunu vurğulamaqla ona sanki əcnəbi vətəndaş kimi pis münasibət göstərildiyini qabartmaq istəyir. Amma Yaşar Sumer də bu işə heç də təsadüfən qoşulan adam deyil. Onun problemi olur. O da həmin problemi həll etmək üçün saunadakı bir kisəçi vasitəsilə həmin İlham Məmmədovla tanış olur. İlham Məmmədov da qulluq mövqeyindən sui-istifadə edərək Yaşar Sumerlə aralarında pul söhbəti olan iş adamını kafeyə gətirtdirir. Nəticədə həmin iş adamı təzyiq altında Yaşar Sumerə 70 min dollar qaytaracağına vəd verir. Bundan başqa Yaşar Sumer istintaq dövrü ikinci ifadəsində deyir ki, mən bu cinayətə getmək istəmirdim, İlham Məmmədov məni deport etdirəcəyi ilə bağlı hədələyərək həmin cinayətə sövq etdi. Amma axı İlham Məmmədov heç də onu qanunları pozmağa sövq etməmişdi. İlham Məmmədova qədər o qanunları pozmuşdu və Miqrasiya Xidməti tərəfindən cəzalanacağını dəqiq bilirdi. Ona görə də onun məhkəmə prosesindəki sonuncu çıxışı bizdə belə bir təəssürat yaratdı və məhkəmə dövründə zərərçəkmişlər də dəfələrlə bildirmişdi ki, burda oturanlardan heç biri ilə düşmənçilikləri yoxdur və heç birinə qanundan üstün cəza verilməsinin tərəfdarı deyillər. Səmimi olacaqları və peşmançılıq hissi keçirəcəkləri təqdirdə hər birini bağışlamağa hazır idilər. Hörmətli məhkəmə, Yaşar Sumerin sonuncu məhkəmə iclaslarındakı bəyanatlarını eşitdiniz. Amma onun bu günki çıxışını da gördünüz. Yaşar Sumer bu cür çox edib. Bütün bu oyunlarının hamısının da kökündə dayanan onun maddi marağı olub. O bu məhkəmə iclasında da bundan məharətlə istifadə edir. Yaşar Sumerə edilən təqib və təzyiqlərlə bağlı onun öz ifadəsindən başqa onun həyat yoldaşının da çox mühüm ifadəsi var. Bizə bəlli deyil ki, nə üçün istintaq o qadını şahid qismində qəbul etməyib. Dilşad Osmanova 12 iyulda istintaqa ətraflı ifadə verib və İlham Məmmədovun Yaşar Sumeri necə təqib və təzyiq etdiyini ətraflı yazır. Yaşar Sumer məhz İlham Məmmədovun qorxusundan qaçıb Xaçmazda gizlənir. Bundan sonra isə daim Azər Quliyev tərəfindən təhdidlərə məruz qalır. Hörmətli məhkəmə! Şəxsən mənim üçün bu məhkəmə prosesində Kənan Babayevin mövqeyi sona qədər bəlli olmadı. Cinayət təbii ki, törədilib. Amma törədilmiş bu cinayətdə hər 3 nəfərin hər biri haqqında çox əminliklə bu cinayətə nə üçün qoşulduqlarını dedim. İlham Məmmədovun marağı tapşırıq, Qurban Novruzovla Yaşar Sumerin şəxsi maraqları bu cinayətin baş verməsinə səbəb olub. Bölmənin rəis müavini olan Kənan Babayevinsə bu günki günə qədər də marağı mənə bəlli olmadı. Hörmətli məhkəmə, cəza təyin edərəkən mən sizdən xahiş edərdim ki, İlham Məmmədovun işlədiyi qısa bir müddətdə daim bir işdən başıqa işə keçirildiyini nəzərə alasınız.. Onun sonuncu iş yerində də bölmə rəisinin verdiyi xarakteristika iş materiallarında var. Hərçənd ki, digər başqa yerlərdən İlham Məmmədova müsbət xarakteristika verilib. Amma məhz bölmə rəsinin öz işçisi haqqında yazdıqları cinayət işinin mahiyyətini göstərir. Polis rəisi İlham Məmmədovun işinə məsuliyyətsiz yanaşdığını, vəzifə borclarını yerinə yetirmədiyini, işə gəlmədiyini, istədiy vaxt hara istəyir getdiyini deyir. Bu da bir daha İlham Məmmədovdan çox onu himayə edənlərin günahıdır. İlham Məmmədovun yerinə bir başqa polis zabiti olsaydı, o cür vəzifə enişlərinin hər biri onların polis orqanlarından xaric olmasıyla nəticələnərdi. Amma İlham Məmmədovu himayə edənlər o qədər güclü olub ki, onu bir vəzifədən başqa vəzifəyə keçirməklə nəyin bahasına olur- olsun polis orqanlarında saxlamaq istəyiblər. Qurban Novruzovla Yaşar Sumerin də proses dövründəki xarakteristikaları, bu işdə onların motivləri şəxsi maraq naminə istənilən şəxsə qarşı istənilən cinayətləri törətməyə hazır olduqlarını göstərdi. Hörmətli məhkəmə, mən proses dövrü çox suallar vermək istəyirdim. Amma təqsirləndirilən şəxslərin özləri, onlara kömək edənlər mənim heç bir sualıma cavab verməmək göstərişi verdilər. Onlar da bu tapşırığa sonadək əməl etdilər. Mən prokurorun istədiyi cəza ilə daha ağır cəzanın təyin edilməsinin tərəfdarıyam və hesab edirəm ki, İlham Məmmədova da 8 il, Qurban Novruzova da 8 il verilməsi məhkəmənin ədalət prinsipinin pozulması olardı. Hər birinin bu cinayəti törətdiyi sübuta yetirildi və hər biri bu cinayəti şəxsi niyyətləri zəminində törədiblər. Amma bu cinayətin təşkilatçısı və dəstənin başında olan şəxslə digərlərinə də eyni cəza istənilməsini cənab prokuror, mən heç cür başa düşə bilmədim. Ona görə də hesab edirəm ki, məhkəmə İlham Məmmədova daha ağır cəza təyin etməlidir. Hörmətli məhkəmə! Mən istintaqla bağlı ayrıca qərardad çıxarmağınızı xahiş edəcəm. İstintaqda yol verilən nöqsanlarla bağlı çıxışlarımın əkəsriyyətində dedim. Bir daha Dişad Osmanova kimi vacib şahidin nə üçün məhkəmə prosesində şahid kimi cəlb edilməməsi mənə çatmadı. Bu mənə çox şeydən xəbər verir. Ona görə ki, artıq istintaqın sonuna yaxın Yaşar Sumeri yola gətirirlər ki, məhkəmədə çıxış etmə və vəkilin sualına cavab vermə, deyiləni icra elə, sənə də kömək ediləcək. Digər tərəfdənsə nə üçün bu prosesdə İlham Məmmədova bu göstərişi kimlərin və nə üçün verdiyini araşdıran olmadı. Ona görə ki, Vüsal Şilderin qətlə yetirilməsi ilə bağlı aparılan digər cinayət işinin təhqiqatı göstərir ki, bu işin arxasında duran kimdir. Şübhəsiz ki, işin arxasında duran Taryel Ağayevdir. İşin arxasında duran Taryel Ağayevin kürəkəni Xəyal Əlizadədir. Nə üçün istintaq o məsələləri araşdırmayıb? Mən sona qədər bu istintaqın hərəkətinə qiymət vermək istəmirəm. Çünki hələ istintaq gedir və ola bilsin ki, istintaq o səhvlərini düzəldəcək, amma bu istintaq dövrü buraxılmış səhvlərin hamısı hesab edirəm ki, məhkəmə tərinfəndən onlara xatırlanmalıdır. Nə üçün bu cinayət işinində aktiv iştirakçı olduğu sübuta yetirilən Azər Quliyev cinayət məsuliyyətindən kənarda qalıb? İstintaqçılar işin müəyyən mərhələsində belə görüntü yaratmaq istəyiblər ki, guya Azər Quliyev cinayətdən könüllü imtina edib. Azər Quliyevin iş materiallarında bircə cümləsi var ki, mən bildirdim ki, artıq bunda iştirak etməyəcəm. Hörmətli məhkəmə, siz o ifadədən sonra verilən bütün ifadələrə baxın. Azər Quliyev həmin o cinayətin davamlı iştirakçısıdır. O ifadəsindən sonra da dəfələrlə bu prosesdə iştirak edib. Dəfələrlə Yaşar Sumerin ailəsinə zəng edib, hədə-qorxu gəlib, bu işdə susmalarını tələb edib, Dilşad Osmanovaya “Biz Yaşara da kömək edəcəyik, ona xəbər göndərin sakit dursun” deyibsə hansı əsasla onun bu cinayətdən könüllü imtinasından söhbət gedə bilər? Ona görə də hesab edirəm ki, Azər Quliyev haqqında da cinayət işi qaldırılaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusu qərardad çıxarılaraq prokurorluğa göndərilməlidir. Hörmətli məhkəmə, proses dövrü xüsusilə 3 nəfər haqqında ən ağır cəza təyin olunmasını sizdən xahiş edirəm. Ona görə ki, bu cinayətə gedənlərin istənilən cinayətə getmələri üçün sadəcə münbit şərait lazımdır. Mən əminəm və Allah eləsin səhv edim, bu 3 nəfərlə Azərbaycan məhkəmələri yenidən görüşəcəklər. Ona görə ki, mən məhkəmə iclasında sizin və tərəflərin eşitmədiyi mənə edilən təhdidlərin şahidi olmuşam. Hörmətli məhkəmə, bizim elə ən böyük bəlamız ondadır-bu məmləkətdə elə bir şərait yaradılıb ki, kimi pulla almaq, kimi təhdidlə susdurmaq olar, haqqı necə gizlətmək olar, bunun hamısın dəfələrlə sınaqdan keçirirlər. Mən sizdən xahiş edirəm, nəzərə alasınız ki, 20 yaşında, böyük perspektivləri olan, bir neçə xarici dil bilən, bütün ətrafındakı adamlar və qonşuları tərəfindən hörmət və məhəbbətlə qarşılanan Vüsal Şilderin qətlindən əvvəl bütün bu cinayətlər törədilib. Vüsal Şilderin anası və atası ANS telekanalında oğullarının guya narkotik istifadəçisi kimi göstərilmələrinə görə dəfələrlə ətraflarındakı insanlara sübut etməyə məcbur olublar ki, onların balaları narkoman deyil, narkotik tələsini məhz bu insanlar onun üçün qurublar. Hörmətli məhkəmə, mən bir neçə kəlmə də Vüsal Şilderlə bağlı demək istəyirəm ki, bu günədək onun okul və ali məktəb yoldaşları onunla bağlı film çəkdirirlər, anım mərasimləri keçirirlər. Bütün bunların hamısı Vüsal Şilderin necə müsbət xarakterli bir gənc olmasından irəli gəlir. Təsəvvür edin ki, o sevdiyi Lalə Ağayeva ilə ailə həyatı quraraq valideynlərindən asılı olmayan bir xoşbəxt həyat qurmaları üçün valideynlərindən gizli olaraq repetitorluq edib, ingilis dilində dərs deyərək pul qazanıb ki, nə öz valideynlərindən, nə də Lalənin atasından asılı olmasınlar. Hörmətli məhkəmə, Vüsalın kim olduğunu bu məhkəmə zalında çox heyf ki, bu günki Azərbaycan polisində nadir hesab olunan bir təhqiqatçının ifadəsində də gördünüz. Təhqiqatçı məhkəmə iclasını ağlayaraq tərk etdi ki, mən o uşağı polis bölməsində görəndə dedim ki, axı bu uşaq buralar üçün deyil. Amma bu zalda əyləşən həmin təqsirləndirlən şəxslər belə bir pak uşağı telekanallar vasitəsilə bütün Azərbaycana nakoman kimi təqdim etmək üçün canfəşanlıq etdilər. Həmin cinayəti törədənlər bu günə qədər də həmin o şayiəni yaymaqla məşğuldurlar ki, guya Vüsal Şilder kiminsə namusuna təcavüz edib, guya kimlərisə biabır etmək üçün videolar yazıb. Mən arzulayardım ki, bu gün o şayiələri yazanlar Laləni Vüsal qədər adının təmizliyini istəyəydilər. Ona görə də hesab edirəm ki, hörmətli məhkəmə, siz cəza təyin edərəkən bunların hamsını nəzərə alacaqsınız və ən ağır cəza təyin edəcəksiniz ki, insanlara dərs olsun, kimsə prezidntin köməkçisi işləyib, kiminsə milyonu, milyardı var, o kiminsə balasını toyuq başı kimi kəsə bilməz. Hörmətli məhkəmə, əgər biz bunu etməsək, biz də bu cür cinayətlə rastlaşa bilərik. Həyat biz düşündüyümüzdən ədalətlidir. Bəzən insanlara elə gəlir ki, həyat ədalətsizdir, təbii ki, qısa zaman kəsiyini götürsək, bu belə görünür. Amma uzun zaman kəsiyini götürəndə görürük ki, həyat çox ədalətlidir. Mən əminəm ki, məhkəmə cəzasından başqa Ulu Yaradanın da bir cəzası var. Vüsal Şilderi qətlə yetirənlər və bu qətli sifariş verənlər həyatı boyu o cəzanı çəkəcəklər. Amma hər şeyi Allahın ümidinə buraxmamaq üçün yer üzündə ədalətin bərpa olunması misssiyasını yerinə yetirməli olan məhkəmələr bu misssiyanı vicdanla yerinə yetirsinlər. Sonda bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Vüsal Şilderin atalığı Adolf Şilder almandır və biz azərbaycanlılardan fərqli olaraq avropalılar ailə institutuna bizim qədər əhəmiyyət vermirlər. Amma mən Adolfda bunların əksini gördüm. O Vüsaldan danışanda qəhərdən boğulur və onu öz doğma balası kimi istədiyi dərhal nəzərə çarpır. Təsəvvür edin ki, 10 yaşlı Vüsala öz soyadını verir və onu çətin prosedurlardan keçərək Almaniya vətəndaşlığına qəbul elətdirir. Onun yüksək təhsil alması və cəmiyyətdə seçilən bir gənc olması üçün heç nəyi əsirgəmir. Ona görə də hesab edirəm ki, 10 yaşlı Vüsala sahib çıxan bir əcnəbi qədər də Azərbaycanın hüquq-mühafizə orqanları Vüsala sahib çıxmalı, onu həyatdan məhrum edənləri ən ağır cəza ilə cəzalandırmalıdırlar. Çox sağ olun”.









































































































