“Ümumiyyətlə, son zamanlar rusiyalı politoloqların, eləcə də deputatların açıqlamalarına çox ciddi yanaşmaq lazım deyil”.
Bunu Moderator.az-a açıqlamasında El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Rusiyalı politoloqların Ollandın Azərbaycan müxalifət liderləri ilə görüşərək, onların nə qədər zəf və gücsüz olduqları qənaətinə gəldiyi kimi fikrlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rusiyalı politoloqlar istədiklərini,arzu etdiklərini həqiqət kimi qələmə verməyə çalışırlar:
“Onlar bəzi hallarda ovucları ilə günəşin qarşısını alıb, yazın gəlişini əngəllədiklərini də düşünürlər. Azərbaycan müxalifəti hələ bu günkü qədər güclü olmayıb. Bu, sizə qəribə də görünsə, belədir. Çünki Azərbaycan hakimiyyətinin bütün güc strukturları, təbliğat resursları və ayrı-ayrı məmurlar öz işlərini bir kənara qoyub demokratik düşərgənin üstünə düşüblər. Döyürlər, qorxudurlar, həbs edirlər, satın alırlar və s. Demək, müxalifət güclüdür ki, iqtidar bu sayaq əl-ayağa düşüb təşviş keçirir! Amma eyni zamanda kimin nə deməsindən asılı olmayaraq, son vaxtlar ortaya çıxan acı gerçəkliyə də etinasız yanaşmaq olmaz: müxalifət bu gün ancaq və ancaq özünə, öz xalqına güvənməlidir. Buna alternativ yoxdur! Nə ABŞ-a, nə Avropaya, nə də digərlərinə ümid bağlamaq olmaz! Onların ikili standartlarını görmək üçün heç bir o qədər ağıl da gərək deyil. Reallığı və gerçəkliyi nəhayət ki, anlamalıyıq- kimsə,ya kimlərsə gəlib bizlərə demokratiya hədiyyəsi verməyəcək. Heç kim gəlib bizim əvəzimizə məmləkətimizdə ədalətli hakimiyyət qurmayacaq, kimsə, ya kimlərsə hazır boğçada bizə vətəndaş cəmiyyəti quruculuğu, habelə insan hüquq və azadlıqlarını peşkəş etməyəcək. Hər şey özümüzdən, bizdən, xalqdan, vətəndaşlardan, demokratik dəyişikliyə səmimi şəkildə can atıb onu sidq-ürəklə arzulayan vətənsevər insanlardan asılıdır”.









































































































