“Azərbaycanda bütün sahələr və bütün dövlət-hökumət strukturları korrupsiya içində üzür”.
Bunu Moderator.az-a açıqlamasında publisist Mirzə Xəzər son zamanlar həkimlərin düzgün diaqnoz qoymamaları ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, korrupsiyalaşmış dövlətdə heç bir sahədə, dövlətin heç bir strukturunda vəziyyət qənaətbəxş ola bilməz:
“Məmurlar istər təhsil, istərsə kənd təsərrüfatı, sənaye, səhiyyə sahələrində islahat aparmaqla maraqlanmırlar. Məmuru maraqlandıran büdcədən ayrılan pulları "kanallar"a yönəltməkdir. Obyektivlik naminə qeyd edim ki, xəstəxanalarda səhv diaqnoz qoyulması hallarına Almaniyada da təsadüf edilir. Amma Almaniyada səhiyyə korrupsiya təməli üzərində qurulmayıb. Nəzarət var. Almaniyada səhv və qüsurların düzəlməsini tələb edən və qərarların icrasına nəzarət edən qurumlar mövcuddur. Azərbaycanda isə bu yoxdur. Burada korrupsiya və məmur özbaşınalığı ilə yanaşı mənəviyyat amili də rol oynayır. Mənəviyyatsızlıq ölkəni bürüyüb. Məsuliyyət hissi yoxa çıxıb. Belə vəziyyət davam etdikcə səhiyyə bərbad olaraq qalacaq. Və hətta deyərdim ki, ölkədə azlıq təşkil edən varlı təbəqə ilə əksəriyyəti təşkil edən kasıb əhali arasında uçurum dərinləşdikcə, səhiyyədə və digər sahələrdə də vəziyyət daha da pisləşəcək”.










































































































