Azərbaycanda seçkilərdə mandat Azərbaycan xalqının dəstəyi
ilə, seçicilər tərəfindən verilən səslər hesabına alınır.
Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasına hakim Yeni Azərbaycan Partiyası
(YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu günlərdə Milli
Şuranı tərk edən Müsavat Partiyasının qarşıdan gələn 2015-ci il parlament
seçkilərində bir neçə deputat yeri əldə etmək üçün bu addımı atması, yəni, hakimiyyətlə “mandat anlaşması”na getməsi
yönündə adıçəkilən qurumun, xüsusilə, AXCP təmsilçilərinin səsləndirdikləri
ittihamlara münasibətini bildirərkən dilə gətirib.
YAP rəsmisinin dediyinə görə, bu ittihamları irəli sürənlər
özləri parlament seçkiləri ilə bağlı bədgüman fikirlər səsləndirənlərdir.
M.Qurbanlı eyni zamanda deyib ki, o, Müsavat Partiyasının
hakimiyyətlə danışıqlar aparır, aparmır və sair mövzusuna da hər hansısa bir şərh verə bilməyəcək.
“Mən bu cür danışıqların olduğu, yaxud, olmadığı barədə
fikir söyləyə bilmərəm və hesab edirəm ki, şəxsən bu gün nə Yeni Azərbaycan
Partiyasının, nə də hakimiyyətin hansısa siyasi partiyalarla pərdəarxası
danışıqlar aparmağa nə ehtiyacı, nə
vaxtı, nə də həvəsi var”- deyən millət vəkilinin sözlərinə görə, çünki
danışıqları hansısa siyasi gücü, hansısa təsir dairəsi olan qrupla, partiya ilə
kimsə apara bilər, o da əgər aparırsa.
“Gücü, təsir dairəsi olmayan hansısa qrupla, hansısa bir təşkilatla niyə danışıqlar aparılmalıdır?
Və bizim hakimiyyət, Yeni Azərbaycan Partiyası ümumiyyətlə,
pərdəarxası danışıqlar aparmaqla məşğul olmur, belə bir taktikamız da yoxdur.
Bizim partiyanın da fəaliyyəti şəffafdır, açıqdır. Hakimiyyətin
də fəaliyyəti şəffaf və açıq olduğuna görə hansısa siyasi təşkilatla pərdəarxası
danışıqlar aparmağa zərurət olmur və olmamalıdır.
Kim siyasətlə məşğul olur, siyasi prosesdə iştirak edir,
seçkilərə qatılır, bu, onun öz işidir.
Kim seçkilərə qatılacaq və seçki prosesində seçicilərin dəstəyini qazana biləcəksə, o da
parlamentdə yer alacaq.
Yox, kimsə dəstək
qazana bilməyəcəksə, daha bunu hakimiyyət kiməsə tabaqda verəsi deyil və bu
taktika da Azərbaycanda yoxdur”- deyə, YAP rəsmisi sonda sözlərinə əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.